Header ad

Xalqımın üzü

Tez-tez xalqımın üzünə tamaşa edirəm. Metroda, küçədə, avtobusda. Qarşımda yorğun və narazı ifadə var. Aptekdən peşman çıxan təqaüdçülərin üzü qədər narazı. Avtobusda evinə qayıdan işçilərin üzü qədər yorğun. 
Xalqımın oturmağa yer tapanda sevinən sərnişini də yorğundu, ayağa qalxanda sevinən sürücüsü də. Kişilərin yerinə göz dikən qadını da taqətsizdi, yerini qadınlara halal eləməyən kişisi də…
Hərdən xalqımın əllərinə tamaşa edirəm. Avtobusda, metroda gözümün qabağında tutacaqlardan yapışmış bu əllərin əksəriyyəti yorğun kişi əlləridi. Dırnaqlarını sement aparmış, ovcu qabar bağlamış fəhlə əlləri… Mən hərdən bu əllərdəki çörək sellofanını alıb dizimin üstünə qoyuram. Çünki bu əllərdən çörək sellofanının sallanması çox kədərli mənzərədi.
Mənim xalqım bir-birini anlamır.
Bir dəfə bir qadın başqa bir qadından böyürtkənin qiymətini soruşdu. Dörd manat olduğunu eşidəndə deyinə-deyinə çıxıb getdi. Həmin qadının arxasınca gedə-gedə düşünürdüm ki, görəsən, mənim xalqımın bu alıcı nümayəndəsi bir vedrə böyürtkəni yığmaq üçün neçə dəfə tikanlı kolların üzərinə əyilmək lazım olduğunu bilirmi?! Bəs mənim xalqımın satıcı nümayəndəsi anlayırmı ki, o qarının o böyürtkəni almağa dörd manatı çatsaydı, deyinməzdi.
Hərdən mənə elə gəlir ki, bu xalqın dərdi məni öldürəcək. Amma öldürüb eləmir. Bala-bala işgəncə verir, çərlədir özüyçün. Bilmirəm, dayanacaqlarda “filan yerə bir manat” qışqıran taksi sürücülərinəmi acıyım, yoxsa öz rahatlığına bir manatı olmayan, üşüyə-üşüyə gözləyən sərnişinlərəmi?
Hərdən o adamların içindən çıxıb o taksilərə minəndə özümü xalqıma xəyanət eləmiş hesab edirəm.
Mən yiyəsiz küçə heyvanları haqqında düşünə bilmirəm, yağışda islaq ayaqlı küçə uşaqları varsa. Varlı itlərini yoxsul uşaqlarından çox sevən adamların qınağına tuş gəlsəm də bu ölkədə kiminsə heyvan sevgisi mənə çatmır.
Hərdən mənə elə gəlir ki, mənim xalqım ancaq çarəsiz insanlardan ibarətdir, ya da dünyanın bütün çarəsiz insanları  elə mənim xalqımdı.
 
Yazar: Səhər Əhməd

 

Şərh