Header ad

Riçard Brotiqan: Qadınlar səhər-səhər geyinəndə..

Şair və nasir Riçard Brotiqan (1935-1984) XX əsr Amerika ədəbiyyatının ünlü simalarından biridir. 1960-70-ci illərin “Antimədəniyyət” axınının nüfuzlu təmsilçisi olan Brotiqan, eyni zamanda, məşhur Beat nəslinin sonuncu parlaq nümayəndələrindəndir. Postmodernist təmayüllü yaradıcılıq irsinə, əsasən, 11 roman, 10 poeziya və 2 hekayə toplusu, esselər, “Riçard Brotiqanı dinlərkən” adlı musiqi albomu daxildir.

Riçard Brotiqan
(hekayələr)
Qadınlar səhər-səhər geyinəndə…
Bu, həqiqətən, çox gözəl bir təəssürat yenilənməsidir: qadın səhər-səhər geyinir, görürsən, büsbütün başqalaşıb, onun necə geyindiyinə əvvəllər heç baxmamısan.
Siz aşiq-məşuq olub, yatağa da girmisiz və daha bundan o yana bir şey qalmır, odur ki, vaxtdır – geyinməlidir.
Ola bilsin, siz artıq səhər yeməyi yemisiz; qısa geyməsini əyninə alıb, iştahaçan əndamını gizlətmədən, mətbəxdə şappaşapla vurnuxa-vurnuxa sənə qəşəng bir “lütyanbız qəlyanaltı” hazırlayıb, o arada Rilkenin poeziyasını söküb-yığmısız, bu mövzuda dərin bilgisiylə səni heyrətləndirib də.
Amma indi vaxtdır, geyinməlidir, çünki hər ikiniz xirtdəyəcən kofe içmisiz və artıq o, evinə dəyməlidir, işə çatmalıdır, sən özün də tək qalmaq istəyirsən, axı  evdə nəsə işin var; heç bayırda xoş bir gəzinti də alınmaz, çünki sən evinə dəyməlisən, işə çatmalısan, onun da evdə işi qalıb.
Yaxud… hətta bu, sevgi də ola bilər. Ancaq nə fərqi: o geyinməlidir və bu məqam elə gözəldir ki. Onun vücudu yavaş-yavaş yoxa çıxır və sonra paltarda, bütün gözəlliyilə peyda olur. Bunda nəsə bir məsumiyyət var.
O geyindi və başlanğıc bitdi.
Qocalar avtobusu
Mən də hər kəs kimiyəm. San-Fransiskoda yaşayıram. Ana Təbiət məni avtobusa da minməyə vadar edir bəzən. Misal üçün, elə dünən. Ayaqlarımın hey qalmamışdı məni Kley-stritə aparmağa, odur ki, avtobus gözləyirdim.
Deməzdim dilxorçu gündü: çox gözəl, ilıq, son dərəcə aydın bir payız havası vardı. Bir qarı da avtobus gözləyirdi. Belə desək, adi bir qarı. Yığcam çantası, əllərini tərəvəz qabığı kimi kip bürümüş ağ əlcəkləri vardı. Motosikletdə bir çinli gəlib keçdi. Mat qaldım. Çinlinin motosiklet sürməyi qabaqlar heç ağlıma gəlməzdi. Gerçəklik bəzən adamı elə bərk qısnayır ki: eynilə o qadının əllərini kip bürümüş “tərəvəz qabığı” kimi.
Avtobus gəldi, sevindim. Gözlədiyin avtobus gələndə bəlli bir fərəh duyursan. Söz yox, bu, cılız, ötəri bir fərəhdir və bundan artığı heç mümkün də deyil.
Mən qarıya yol verdim, özüm də, lap orta əsrlər ədasıyla, onun ardınca addımlayıb, darkeş pilləkənlə avtobusa qalxdım.
On beş sent atıb, özümçün adi ikigedişli bilet götürdüm, halbuki buna gərək yoxdu. Mən həmişə ikigedişli bilet alıram. Avtobusda gedəndə əlimdə məşğulatım olur. Məşğulata ehtiyacım var.
Oturub o biri sərnişinləri gözdən keçirirdim, hardasa bir dəqiqə sonra anladım ki, avtobusda nəsə bir qəribəlik var… O birilərə də təxminən eyni vaxtda çatdı ki, avtobusda vəziyyət birtəhərdir, həm də bu birtəhərliyin səbəbi mənəm.
Mən gənc idim. Qalanlar, yəni avtobusdakı, kişili-qadınlı, hardasa on doqquz adam altmış, yetmiş, səksən yaşlarındaydı, bircə mənim iyirmi yaşım vardı. Onlara mənə baxırdılar, mən də onlara. Hamımız naqolay, narahat durumdaydıq.
Bu necə olmuşdu? Niyə biz qəflətən qəddar taleyin əlində oyuncağa çevrilmişdik, niyə beləcə bir-birimizdən gözümüzü çəkə bilmirdik?
Yetmiş səkkiş yaşında bir kişi pərtlikdən plaşının balağını dartışdırdı. Altmış üç yaşında bir qadınsa bəyaz burun dəsmalıyla ovcunu, sonra da bircə-bircə barmaqlarını silməyə başladı.
Onlara itirilmiş gəncliklərini, miskin ahıllıqlarını bu qədər yöndəmsiz, amansız şəkildə xatırlatdığım üçün dəhşət pis olmuşdum. Biz niyə bu lənətə gəlmiş avtobusun oturacaqlarının üstündə həftəbecər salatına dönməliydik axı?
İlk fürsətdəcə avtobusdan düşdüm. Düşməyim hamını sevindirdi, özüm isə hamıdan artıq şad oldum.
Dayanıb avtobusun arxasınca baxırdım: onun qəribə yükü artıq rahatlığa çıxmışdı, zamanın yollarında gedə bildiyincə gedəcəkdi – ta gözdən itənəcən.
Tərcümə etdi: Seyfəddin Hüseynli
Şərh