Header ad

Qarabağ Azərbaycanın reytinqini yüksəltdi

Avropa Liqasının qrup mərhələsinin ötən gecə baş tutan dördüncü turunun oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsir göstərməyib. Azerisport.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki yerini qoruyub.

Qeyd edək ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində “Qarabağ”la “Qəbələ” təmsil edir. Qəbələnin eyniadlı təmsilçisi ötən gecə səfərdə Almaniyanın “Borussiya” (Dortmund) klubu ilə qarşılaşdı və 0:4 hesablı məğlubiyyətlə üzləşdi. Ağdam klubu isə doğma meydanda Fransa “Monako”su ilə 1:1 hesablı heç-heçəyə razılaşdı. Nəticədə, “Qəbələ” bu dəfə ölkəmizə xal qazandıra bilməsə də, “Qarabağ” Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını 0.250 balla zənginləşdirdi.

Hazırda UEFA reytinqində 54 ölkə arasında 26-cı pillədəyik. Azərbaycanın hesabında 14.625 reytinq xalı var ki, onun da 4.125 xalı cari mövsümdə qazanılıb (“Qarabağ” – 1.750, “Qəbələ” – 1.375, “İnter” – 0.750, “Neftçi” – 0.250).

Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0.250 reytinq xalı qazandırırdısa, heç-heçə 0.125 xal verirdi. Qrup mərhələsində isə heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.

Şərh