Header ad

Neftin bahalaşması ümid verirmi? – EKSPERT ŞƏRHİ

 

 

İlham Şaban: “Proqnozlaşdırıldığı kimi, bir çox ölkələrdə qış sərt keçsə, yanacağa tələbat artacaq və neft bahalaşacaq”

Xəbər verdiyimiz kimi, dünya bazarında neftin bahalaşması qeydə alınıb. Belə ki, birjalarda olan satışlar üzrə hesabata görə, “Brent” markalı neftin qiyməti 0.91% artaraq, 0.43 USD bahalaşıb. 
Bu bahalaşma ilə “Brent” markalı neftin qiyməti 47.85 dollara çatıb. Günorta saatlarında isə bir qədər də bahalaşaraq, 47,96 dollara yüksəlib.
Bu cür bahalaşma “Texas” markalı neftdə də qeydə alınıb. Son məlumatlara görə, “Texas” markalı neft 0.88%, yəni 0.39 dollar artaraq 44.68 dollara çatıb.
Neftin bahalaşması bu prosesin davamlı olub-olmayacağı ilə bağlı suallar yaradır. Digər tərəfdən, Azərbaycan da daxil olmaqla iqtisadiyyatı neftdən asılı olan ölkələrdə böhran vəziyyətinin yaxşılaşacağı ilə bağlı ümid yaradır.
Bəs, görəsən iqtisadçılar neftin bahalaşmasını ciddi bir tendensiya kimi dəyərləndirirmi? Qarşıdakı aylarda neftin dünya bazarında qiyməti hansı həddə qədər yüksələ bilər? “Qara qızıl”ın qiymətində baş verəcək dəyişiklikləri hansı amillər şərtləndirir?
Musavat.com-un suallarını cavabılandıran Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban neftin qiymətində kəskin bahalaşma və ya ucuzlaşma tendensiyasının gözlənilmədiyini bildirdi: “Bu, elə də ciddi bahalaşma deyil. Neftin qiyməti heç 48 dollara gəlib çatmayıb. Hazırda bir barel neftin qiyməti 47,96 dollardır. Ötən cümə günündən etibarən neftin qiyməti 48 dollardan aşağıdır. Dünya bazarında hansısa ümidverici bir məlumat yoxdur ki, onun fonunda qiymətlər bundan sonra da yüksəlsin. Digər tərəfdən, dolların avro ilə kursunda korreksiya gedir, yəni əvvəlcə ucuzlaşma, sonra bahalaşma oldu. Neftin qiyməti də buna uyğun olaraq əvvəlcə, 47,6 dollar idi, indi isə 47,9 dollardır. Böyük mənada bu, bazar üçün stabil qiymət deməkdir. Yəni, noyabr ayı başlayandan dünya bazarında neftin qiyməti 48 dollar ətrafında stabilləşib”.
Ekspert onu da vurğuladı ki, qarşıdakı dövr üçün  neftin ucuzlaşmasını şərtləndirən bir çox amillər var:“Hələlik praktik olaraq İran nefti dünya bazarına çıxmayıb. Proqnozlara görə, İran noyabr ayının ikinci yarısında neftini bazara çıxarmalı idi. Ola bilər ki, bu proses dekabr ayının əvvəlinə kimi uzansın. O zaman birjalara neqativ təsir göstərəcək. Bu qaçılmazdır və nə qədər davam edəcəyini  proqnozlaşdırmaq çətindir. Ancaq müəyyən dövrdən sonra bazarda tarazlıq yarancaq. İndi 50 dolların altında olan bir qiymətlə bazarda stabillik var. Bir faktı da nəzərə almaq lazımdır ki,  oktyabr ayının yekunlarına görə, “Brent” markalı neftin qiyməti 49 dollar civarında olub. Sentyabr ayında isə  orta qiymət 49,04 dollar idi. Yəni sentyabr və oktrabr aylarında qiymətlər  stabil olub. Noyabr ayında bir qədər ucuzlaşma olub, ancaq böyük bir korreksiya yoxdur. 1 dollar ucuzlaşma bazar üçün hansısa bir təlatüm demək deyil. Dekabr ayında müəyyən faktorlar , məsələn İran neftinin bazara çıxması neftin ucuzlaşmasına səbəb olarsa da bu qısa müddətdə özünü bərpa edəcək və stabillik yaranacaq. Çünki, sinoptiklər ötən illə müqayisədə, xüsusən Şimal yarımkürəsində qış mövsümünün həddindən artıq sərt keçəcəyini proqnoz edirlər. Qış sərt keçərkən yanacağa tələbat artır və tələbatın artması enerji daşıyıcılarının, həm neftin, həm də qazın qiymətini artıra bilər”.
Növbəti il üçün proqozlaşdırılan dövlət büdcəsində neftin qiymətinin 50 dollardan hesablanmasına münasibət bildirən İlham Şaban bunun düzgün hesablanmış bir rəqəm olduğunu qeyd etdi: “İstər Beynəlxaq Valyuta Fondu, istər Dünya Bankı, istərsə də Beynəlxaq Enerji Agentliyinin gələn il üçün verdiyi proqnozlara görə, neftin orta qiyməti 56-58 dollar arasında dəyişəcək. Yəni, Azərbaycanın növbəti il üçün proqnozlaşdırılan dövlət büdcəsində neftin 50 dollardan götürülməsi məqbul haldır. Bir çox neft şirkətləri də öz büdcələrini 50 dollardan proqnoz edirlər. 2016-cı ildə neftin qiymətinin orta həddinin 50 dollardan aşağı düşəcəyini proqnozlaşdırmaq çox çətindir. BP şirkətinin iqtisadçıları neftin gələn il üçün qiymətinin 40 dollar həddinə qədər düşəcəyini proqnoz ediblər. Bu, bir sıra faktorlarla izah olunur: Amerika neftinin bazara çıxarılması ilə bağlı məlumatların və əhalinin gəlirlərinin açıqlanması, yay mövsümünün gəlməsi və sair… Fəsillə əlaqədar istehsakçı ölkələrdə baş verən iqtisadi faktorlarla bağlı da neftin ucuzlaşması özünü biruzə verir. Necə ki, bu il avqust ayının 24-də “Brent” markalı neftin qiyməti 42 dollara düşdü. Bu, cari ildə neftin qiymətinin ən aşağı həddi idi. Bu da onunla əlaqədar idi ki, Çində birdən-birə valyuta kəskin ucuzlaşdı, eləcə də, Fond Birjası çökdü. Belə bir hadisəni heç kim proqnoz etməmişdi. Bəzi ölkələr üçün 2016-cı ildə də bu kimi hallar təkrar oluna bilər və bu, birjalara təsir edərək qısa müddət ərzində neftin qiymətini kəskin ucuzlaşdıra bilər. Ancaq bu, o demək deyil ki, neftin orta qiyməti 55 dollardan aşağı olacaq. Çünki, bütün iri hasilatçı  şirkətlər özlərinin kapital qoyuluşlarını təqribən 20-25 faiz azaldırlar. Kapital qoyuluşları azaldılması o deməkdir ki, şirkətlər yeni quyuların qazılmasını dayandırırlar və ya bu prosesi zəiflədirlər, bazara çıxarılan neftin həcmini azaldırlar. Bu isə bazarda hasilatla bağlı proseslərdə özünü göstərməlidir. Ümumilikdə, dünya miqyasında hasilatın azaldılması gözlənilir. Hasilat azalarsa, tələblə təklif uzlaşacaq və neftin qiyməti artacaq”.

 

Şərh