Header ad

“Müsavatdan istefa verəcəyəm”

Müsavat Partiyasının üzvü, “Ağ Blok”un təsisçisi Tural Abbaslı seçkiöncəsi yaratdıqları bloku gələcəkdə partiyaya çevirə biləcəklərini deyib. Hafta.az-a açıqlama verən Tural Abbaslı deyib ki, “Ağ Blok” partiya olacağı halda, o, Müsavatdan istefa verəcək:
“Mən hazırda Müsavat Partiyasının üzvüyəm. Bu ideyalar uğrunda uzun illərdir mübarizə aparmışam. Hər zaman da müsavatçı olaraq qalacağam. Amma biz görürük ki, yeni rəhbərlik Müsavatın ideyalarına sadiq deyil, buna görə də məcbur qalıb Müsavat məfkurəsini yaşatmaq üçün başqa formada təşkilatlandıq. “Ağ Blok”u yaradaraq Rəsulzadənin ideyalarını davam etdirmək qərarına gəlmişik. Müsavat Partiyasının son qurultayından sonra baş verənləri hamı görür. Olanlar bizim tutduğumuz yola ziddir. Partiya üçün böyük işlər görmüş şəxslər qurumdan kənarlaşdırıldı. Biz məcbur olub alternativ fəaliyyət məkanı yaratmışıq. “Ağ Blok” partiyaya çevrilsə, bizim əsas ideoloji xəttimiz müsavatçılıq olacaq, müsavatçılıqdan ayrılmırıq. Sadəcə olaraq, qeydiyyatdan keçmiş Müsavat Partiyasının sıralarından adımız çıxacaq. “Ağ Blok” partiya olacağı təqdirdə mənim özüm Müsavatdan istefa verəcəyəm”.
Tural Abbaslının sözlərinə görə, “Ağ Blok”un seçkidən sonra başqa bir quruma çevrilmək planları əvvəldən  olub:
“AĞ blok”un hər hansı bir quruma çevrilmək planı əvvəlcədən var idi. Seçkidə iştirakımız da bu planın dolayısı yolla mesajı idi. Seçkidə həm özümüzü, həm təşkilatlanma qabiliyyətimizi, həm də bacarığımızı sınamaq istəyirdik. Sınaqdan uğurla çıxdıq. Bu istiqamətdə danışıqlarımız davam edir. Bloku siyasi sferaya hərəkat, partiya kimi təqdim etmək ətrafında danışıqlarımız davam edir. “AĞ blok”un seçkilərdə topladığı təcrübə yeni qurumun platforması rolunu oynayacaq. Hədəflər qoyarkən insanlara yenilik bəxş etməyi ilk sıraya salırıq. Çox istərdik ki, təmsilçisi olduğumuz partiyalar da bu yeniliyə açıq olaydılar. Bildiyiniz kimi, blokumuzda Müsavat, KXCP və Ümid partiyalarından şəxslər var. Təəssüflər olsun ki, bu partiyalar yeniliyə qapalı oldular. Rəhbərlikdə olanların XXI əsr siyasətinə aid olmadığı göründü. Yaxın zamanlarda atacağımız addımları hər kəs görəcək. İndiki mərhələdə siyasi passivliyi yaxşı bilirik. Bizim üçün siyasi quruma çevrilmək çox çətin olacaq. Bunun fərqindəyik. Əminəm ki, bunun öhdəsindən gələcəyik. Xalqın çoxdan gözlədiyi yeni ümid olacağıq. Susqun görünə bilərik, amma passiv deyilik. Boş vədlərlə gündəmə gəlmək niyyətində deyilik. Siyasi arenaya güc kimi çıxmaq istəyirik. Yaxın zamanlarda “Ağ” partiya timsalında yeni bir qurum kimi cəmiyyətdə yer tutacağıq. Nəticələr qazanacağımıza inamımız tamdır. Bunun nümunələri də var. Qonşu Türkiyəni misal göstərə bilərəm. Yarandığı ilk iki ildə AKP hakimiyyətə gəldi. Mümkün olmayan bir şey yoxdur. Sadəcə istək, həvəs, iman, inam, cəsarət olan yerdə istənilən uğur olacaq”.

Şərh