Header ad

Milli Şura 3 milyardlıq korrupsiyaya görə Baş Prokurorluğa müraciət etdi

Milli Şura hakimiyyətin üzə çıxan 3 milyardlıq oğurluq faktı ilə bağlı Baş Prokurorluğa müraciət edib. Müraciətdə beynəlxalq araşdırmaçı jurnalistlərin konkret bank sənədləri ilə aşkarlayıb yaydığı korrupsiya faktlarının araşdırılması istənilir. Müraciət barədə Milli Şuranın sədri Cəmil Həsənli feysbuk səhifəsində məlumat verib.

“Azərbaycan hakimiyyətinin, Əliyev rejiminin 3 milyardlıq pulyuma “əməliyyatı”, gizli yollarla ölkədən oğurlanmış Azərbaycan xalqına məxsus vəsaitlərin indi hər yerdə araşdırılmasına başlanıb. İndiyə qədər açıqlanan bank əməliyyatlarından məlum olub ki, Müdafiə nazirliyi, Fövqəladə hallar nazirliyi, keçmiş Milli təhlukəsizlik nazirliyi, Müdafiə sənayesi nazirliyi, Rusiyanın silah satışı ilə məşğul olan Rosoboroneksport dövlət şirkəti Londonda aşkarlanan Azərbaycan hakim elitasına məxsus dörd şirkətin qara kassasına böyük pullar göndərib. Baş nazirin birinci müavini Yaqub Eyyubov, Baş prokurorluğun korrupsiyaya qarşı mübarizə komissiyasının sədr müavini, Baktelekom MMC şirkəti ilə konkret faktlar aşkarlanıb. Ölkənin hüquq mühafizə orqanlarının belə dəhşətli oğurluq faktlarına laqeyd münasibəti baş verənlərin hakim elita və hakim ailə ilə bağlı olduğuna daha bir sübutdur. Ona görə Milli Şura olaraq biz 3 milyardlıq oğurluq faktının araşdırılması ilə bağlı Baş prokurorluğa rəsmi müraciət etməli olduq”, – deyə Milli Şura sədri qeyd edib.

Müraciətin foto surətini təqdim edirik:

Azadlıq.İnfo

Şərh