Header ad

“Mədəniyyət naziri bu işə baxmır, meydanda təkəm”

Xalq artisti İlhamə Quliyeva gun.az saytına müsahibə verib.

“Sənətimin padşahıyam”

– İlhamə xanım, Moskva Dövlət Universitetinin Hüquq fakültəsində oxumağınızla bağlı yalan söyləməyiniz hansı zərurətdən yarandı?

– Bunu bilərəkdən etmişəm. Müsahibəni verən zaman güldüm, köməkçim Mehribana göz də vurdum. Köməkçimə dedim ki, baxarsan, biz bu söhbətin ətrafında düşmən tapacağıq. Mən Moskva Dövlət Universitetində təhsil almıram. Bilirsiniz ki, Rusiyanın təhsil ocaqları çoxdur. Onların birində təhsil alıram. Hansı universitetdə oxuduğumu heç kimə deməyəcəyəm. Kiməsə hesabat verən deyiləm. Mən sənətimin padşahıyam və ixtiyarım var ki, fikrimdən keçən yaxşı işləri, fikirləri edim. Bu söhbəti qurdalayıb, çıxaran adamı da tapmışam. Moskvada da bu işlə məşğul olan adamıın kimliyi də mənə məlumdur.

– Bu adamlar kimlərdir və sizinlə nə kimi problemləri var?

– Sizə deyim, artıq pensiya yaşındayam. Buna görə də dövlətim tərəfindən müəyyən məbləğdə pul alıram. Bundan başqa, Prezident təqaüdü də alıram. Həmin adamlar istəyirdilər ki, pensiyaya çıxıb, evdə oturum. Bilirsiniz, indi mədəniyyətdə böyük bir qarışıqlıq var. Nə mədəniyyət naziri bu işə baxır, nə də ki, mədəniyyətə xidmət edən başqa insanlar bu işlə maraqlanmırlar. Meydanda təkəm. Mən onların etmədikləri işləri görürəm. O adamlara ayıb olsun ki, mədəniyyətdə belə qarışıqlıq yaradıblar. Əfsuslar olsun ki, dövlətimizin ətrafında elə insanlar var. Amma onlar mədəniyyətimizə xidmət etmirlər.

“7 ildir ağlayıram”

– Sizin nə kimi təklifləriniz var?

– Boşluqlar çoxdur. Mədəniyyətdə olan böyük xaosu siz də yaxşı görürsünüz. Mən üzdəyəm, varam, sözümü deməyi bacarıram. Heç kimə şər-böhtan atmıram. Mənimlə çox maraqlanırlar. İnandırım sizi, pensiyaya çıxıb, evdə oturub, qarısaydım (gülür), onda heç kimin mənimlə işi olmazdı. Bir nəvəm var, onu özüm qədər çox istəyirəm, Ruslanımın canı üçün buna əminəm. Mən ayaq üstəyəm. Düzdür, bəzən səhhətimdə pozuntular olur. Biz daşdan, divardan deyilik ki, canlı insanıq. Mən ürək əməliyyatı keçirmişəm. Dərdim, fikrim vardı. Anam Tükəzban xanım dünyadan köçəndən sonra pis hala düşdüm. 7 ildir ki, anam yoxdur, bu illəri ağlayıram. Görürsünüz ki, mənim o boyda ödüllərim var, 2007-ci ildən Dünya sülh səfiriyəm, başqa rəsmi ödüllərim də var. Onların da rəsmi sorğusunu edə bilərlər. Mən əməkdar və xalq artisti fəxri adlarını, “Şöhrət” ordenini ulu öndərimizin imzası ilə almışam. Ruhu şad olsun. “Şərəf” ordenini isə ulu öndərimizin şah əsəri İlham Əliyevin imzası ilə qazanmışam. Ona görə də çiyinlərimdə məsuliyyətim çox böyükdür. Bu da bəzi üzdəniraq adamları heç də sevindirmir. Ona görə də mənimlə çox maraqlanırlar. – Bəlkə həmin adamların adlarını açıqlayasınız? – Yox, onun zamanı var. Özüm tam əminliklə onların kimliyini bilirəm. Mən onu bilərəkdən eləmişəm ki, özümə sübut edim ki, bunlar mənim düşmənlərimdir.

“Bəziləri varlığımı həzm edə bilmir”

– Düşmənləriniz çoxdur ki?

– Məni bütün Azərbaycan xalqı, dünyada yaşayan bütün azərbaycanlılar sevir. Bu günlərdə mənə Amerikanın şəhərlərindən birində Azərbaycanın diplomatik işlərini öz çiyinlərində daşıyan insanlardan biri zəng vurdu. Dedi ki, biz sizinlə çox maraqlanırıq. Söylədi ki, görəcəksiniz, bu yaxınlarda çox saylı imzalarla, böyük müraciətlər olunacaq, həmin şəxslər sizi rahat buraxacaqlar. Əlavə etdilər ki, sizə xəyanət edən insanlar öz cəzalarını alacaqlar. Ona görə də bilirəm ki, bəzi adamlar mənim varlığımı həzm edə bilmirlər. Mən şəxsiyyətəm. Nə zamansa həyatda olmayanda deyəcəklər ki, İlhamə Quliyeva kimi sənətkar, insan var idi.

– Bəs efirlərlə bağlı nə deyə bilərsiniz?

– Mədəniyyət nümayəndəsi olduğum üçün mədəniyyətdən danışacağam. Kimsə hansı bir sənət adamını canlı efirdə təhqir edirsə, həmin telekanalın rəhbəri həmin adama qadağa qoymalıdır. Onu 3-5 ay, hətta 1 il efirə buraxma, görüm, kiminsə yadına düşər? Əlbəttə ki, yox! Mən bütün bu qarışıqlığı efir rəhbərlərində görürəm. Tutaq ki, bir nəfər təhqiramiz müsahibə verdi. Axı, o müsahibənin “qayçı”sı əlinizdədir. Axı niyə siz belə qalmaqallar yaradırsınız? Kəs onu, efirə vermə! Camaatı qıcıqlandırmayın. Dövlət televiziyasını çıxmaq şərti ilə, digər kanallarda dedi-qodu, söz-söhbətlər efirə verilir. Dövlət kanalında hər kəlməyə diqqət yetirilir. Mən uzun illər AzTV-nin solisti olmuşam. İndi də oranın işçisiyəm. Dövlət televiziyasında iki vəzifəm var. Telekanallar insanları bir-biri ilə savaşdırmasalar, iraq kəslərin fikirlərini şişirdib, qarşı tərəfi də qıcıqlandırmasalar, yaxşı olar.

– Telekanallardan söz düşmüşkən, mahnı yarışmaları haqqında fikirləriniz maraqlı olardı.

– Mən uzun illər öncə “Space” telekanalında nümayiş olunan “Azəri Star” yarışmasında münsif üzvü olmuşam. O yarışmadan görün, nə qədər yaxşı müğənnilər çıxıb. Elton Hüseynəliyev, Ayaz Qasımov, Vaqif Şıxəliyev. Onlara xeyir-duanı mən vermişəm. İndi zəmanə də dəyişib, insanlar da. Bu yarışmanın birincisi çox yaxşı idi. İkincisi başlayanda baş qoşmadım, çünki bildim ki, ən önəmlisi ilk olanıdır. İndi keçirilən yarışmalar da pis deyil. Bəzilərini çıxmaq şərti ilə, orada gözəl sənətkarlar münsif kürsüsündə otururlar. Birini çıxmaq şərti ilə, amma ad çəkməyəcəyəm. Mən qurdla qiyamətə qalmayacağam ki. Gələcək cavanlarımızındır. Hər şeyi mən etməli deyiləm. Qoy başqaları da bu işlə məşğul olsunlar.

“Mən müqəddəs adamam”

– Niyə son zamanlar adınız qalmaqallarda, məhkəmə çəkişmələrində hallanır?
– Mənim evim məsçidə yaxındır. Mən hər azanda ayağa qalxıb, ya dəhlizə çıxıram, ya da pəncərənin önündə Allahdan özümə, bütün insanlara cansağlığı istəyirəm. Kim də mənə pislik edirsə, azan sahibi özü onlara sözünü desin. Mən elə adamam ki, kimsə mənə cüzi toxunsa, pislik etsə, pis nəticəsini görər. Mənə sataşmaq, əl vurmaq olmaz. Vallah, mən müqəddəs adamam. Heç kimlə işim yoxdur. Mənə daş atırlar, müdafiə olunuram. Heç kimə birinci olaraq daş atmıram, söz atmıram. Çünki bu, nə mənim yaşıma, nə də ki, statusuma yaraşmaz. Hətta dövlətimin layiq gördüyü ödüllərə yaraşmaz.

“Kimi çox istəyirdimsə, cibimdən pul ödəyib, efirə çıxarırdım”

– Bir çox sənət adamları haqqınızda danışarkən, sizin çox xeyirxah, imkansızlara əl tutan insan olduğunuzu deyirlər. Amma efirdən baxanda, nədənsə qalmaqal və məhkəmə prosesləri fonunda belə düşünmək olmur…

– Allah mənim ruzimi yetirsin, yetirir də. Məni hamı istəyir. İki-üç nəfərin məni sevməməsi ilə heç nə dəyişmir. Allah məni ehtiyacı olan insanlara əl uzatmaq üçün yaradıb. Tükəzban xanımın ocağından çıxan bir övladam. Evin tək övladı olmuşam. Valideynlərim ürəyimdən nə keçibsə, onu reallaşdırıblar. Mən gözütox insanam, uşaqlıqdan ailəmdən hər bir nəvazişi, diqqət və qayğını görmüşəm. Valideynim mənim üçün hər şey qoyub, gedib. Allah onlara rəhmət etsin. Onların sayəsində bu gün heç nəyə ehtiyacım yoxdur. Bu gün də mən xəstə adama yardım edirəm, müəyyən məbləğ göndərirəm ki, onu əməliyyat etsinlər. Mənim bir vaxtlar ANS telekanalında “Primadonnanın qonaqları” adlı verilişim vardı. Verilişə çıxmaq istəyənlər çox idi. İndi həmin adamlar xalq artistləridir, sanballı insanlarıdr. Veriliş ödənişli idi. Kimi çox istəyirdim, yaxınım bilirdim, cibimdən ödəyib, verilişə çıxarırdım. İlin sonunda gördüm ki, bu veriliş mənə çox böyük məbləğə başa gəldi. Amma mən çoxlarına ilk dəfə əl uzatmışam və xeyir-dua vermişəm. Allah məni belə əməllər üçün yaradıb, pis əməllər bacarmıram. Bir adam mənə naxələf çıxanda, onu həyatımdan çıxarıram. Mən Allah adamıyam. Bəlkə də gündə yüz dəfə – duranda, oturanda, yemək yeyəndə, yatanda, yuxudan oyananda “Əziz Allah” deyirəm.

Şərh