Header ad

“Kitab və Yataq” oteli

Dünyanın bir çox otellərində yazıçıların adına otaqlar var. Həmin otaqlar o yazıçıların əsərləri və fotolarıyla bəzədilir. Amma o otellərdə yüksək rahatlıq da təklif olunur.

Yaponiyanın Tokio şəhərinin mərkəzində yeni açılmış “Book and Bed” oteli isə nə lüks otel otağı vəd edir, nə hovuz, nə də şəhər turu, sadəcə 1700 kitablı otaqlar təklif edir.

Kitablar rəflərə düzülüb. Yataq rəflər arasına yerləşdirilmiş hücrəyə qoyulub.

Otelin səhifəsində deyilir: “Döşək rahat deyil, balış yumşaq deyil, yüngül və isti yorğanımız da yoxdur.”

“Bizim konsepsiyamız budur: kitab dükanında oxucular üçün cənnət (hərçənd, kitablar satılmır)

Gecə saat 2-dir, göz qapaqların enir, amma deyirsən, qoy bir az da oxuyum, görüm sonra nə oldu.

Kitab oxuyaraq yatdığın anlar ən gözəl yuxulamaq anlarıdır, razısanmı?”

İngilis və yapon dillərində olan kitabları Yaponiyanın ən nüfuzlu nəşriyyatının mütəxəssisləri seçiblər.

Noyabrın əvvəli açılmış otelin hər günü dolu keçir, üstəlik, bundan sonra bir ayı da artıq rezerv olunub. Qiymətlərə gəlincə, iki cür otaq təklif olunur: “kompakt” otağın qiyməti 29, “standart” otağın qiyməti 37 ABŞ dollarıdır.

Yapon minimalizminə əsaslanan bu kitab oteli xarici ədəbiyyat səhifələrində böyük maraqla qarşılanıb.

Şərh