Header ad

Həftə belə olar

“Bu dəfə Parisi hansı Dərviş Məstəli şah partlatdı”

Bu şənbənin özəlliyi ibarət olsun ondan ki, həftənin icmalında seçkinin “s”-sından belə söhbət getməyəcək. Bütün seçkilərin “s” hərfi ilə başlayan sözdəki kimi çıxıb işinin dalıyca getdikləri bu qıcıqsız zamanda, televiziya aparıcılarının sözü olmasın, sizi salamlayıram.

Bu dəfə qurbağa gölünə daş Təbrizdə atıldı, gündəm bir az söyər yerimizə toxundu. Arzu olunan bir qol vəziyyəti yarandı, otaylı – butaylı bütün Azərbaycan böyük bir stadionda dalğalanan azarkeşlər kimi ayağa qalxdı və… yenidən oturdu. Vauu! Bu dəfə də ofsayd!
Amma neyləmək olar, yoxa lənət. Pis odu, heç olmasın.

Eyni zamanda “Yeni Müsavat” ad gününü keçirtdi. 26 yaşını – bir igidin ömrünü. “Yeni Müsavat”ın həm özünün, həm sözünün 26 yaşını qeyd eləməsi fonunda Cəlilabadda bir jurnalistin SOCAR-çı tərəfindən boğazlanması da ibrətamiz göründü. Və bu ad günü sahibi həm 26 illik söz vuruşunun nəticəsizliyini, həm özünün meydanda tək qalmasını, həm də alternativsizliyin necə kədərli olduğunu qeyd elədi. Yenə də yoxa lənət. Pis odu heç olmasın.
Bəxtəvər bu həftənin başına. Ən önəmli məqamı həm də bu ki, bayraq günüylə başlayan, mediaholdinqə çevrilmiş bir cameənin uzunömürlülüyü ilə davam edib, zirvəsinə “Konstitusiya günü” ilə çatdı. Hətta rabitə və informasiya texnologiyaları nazirliyinin topdan və pərakəndə həbs olunan ona qədər generallı-polkovnikli, rəisli-müdirli yatabı da ovqatı təlx etmədi və xəbər janrıyla informasiya janrının vəhdəti bir daha zövq verdi. Qanunçuluğun “təntənəsi” bayraq və konstitusiya həftəsində də olmayacaqsa, haçan olasıdı? Yenə də yoxa lənət, pis odu heç olmasın.

Əli Abbasov da bu həftə getdi – əmbə o biri həftə o da Tağı müəllim kimi deyirdi ki, mən iş başındayam. 95 milyonumuzun da dalından bunun dəydiyi üzə çıxdı. Villaları kimə qalacaq deyəmmərəm, o pullar hara qayıdacaq, heç bir fikrim yoxdu, məlum olan odu ki, heç bir halda bizə qayıtmaycaq, amma yenə də bizim varlıların pulunu saymaqdan çənəsi yorulan kasıb xalqımzın payına “dünya malı dünyada qalacaq” və ya “hayla gələn vayla gedər” təsəllisi də olsa düşəcək. Təsəlli də bir qazancdı, təkrarçılıq yaratsa da bu yerdə yenə “yoxa lənət”in yeri var.

Tam bir ekstrim yaşadıq amma… Biz öz “uğurlarımızla”, fransızlar rəhmətlik Şamil Qurbanov demişkən, qudurmuş Jak Şirakın vətənində terrorla. Bu dəfə Parisi hansı Dərviş Məstəli şah partlatdı, Rusiyada qəzaya uğrayan təyyarənin sərnişinləri kimin güdazına getdi, Təbriz neçənci kəz xəyal qırıqlığına uğradı, bizdəki korrupsiya partlayışının qığılcımı hardan gəldi, inanmayın, bu sualların cavabını heç kim sizə dəqiq deyə bilməyəcək.

…Bu tuthatutla birgə başlayan yağışlar elə paralel də yüksələn xətt üzrə inkişaf etməkdə. Son günlər lap ağ eləyib, şəhərimizin üzünü sakinlərimizin yanında bir daha qara elədi. Qayıqlarınızı qapınızın ağzından götürməyin, bütün olanlara rəğmən, gözəl bir həftəsonu yaşayın və əsas odu ki, romantikanızın “r”-sından uzaq düşməyin.
Aydın Canıyev

Şərh