Header ad

G20 – Liderlər hansı otellərdə qalacaq?

Türkiyə dünyanın ən böyük 19 iqtisadi gücünü və Avropa Birliyini (AB) görüşdürəcək G20 Liderlər Zirvəsinə hazırdır.

15-16 noyabr tarixlərində Antalya vilayətinin Belek şəhərində keçiriləcək tədbirdə 12 dövlət başçısı, 11 baş nazir və AB-nin iki lideri qatılacaq.

G20 Liderlər Zirvəsində ilk dəfə iqtisadi məsələlərdən başqa Suriya böhranı, terror və qaçqın problemləri müzakirə olunacaq. Zirvəyə ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Yaponiyanin baş naziri Şindzo Abe və İngiltərənin baş naziri Devid Kameron kimi şəxslər qatılacaq. Türkiyə ev sahibi hüququndan istifadə edərək tədbirə Azərbaycanı dəvət edib.

Liderlər Zirvəsində 500-ə yaxın iş adamı daxil olmaqla 13 min nəfər iştirak edəcək. Tədbiri 3 min media nümayəndəsi izləyəcək. Liderlər Zirvəsinin keçiriləcəyi Belek “yüksək təhlükəsiz bölgə” elan edilib. Zirvədə təhlükəsizliyi 11 mini polis olmaqla 12 min nəfərlik təhlükəsizlik əməkdaşı təmin edəcək. Hava limanından tədbirin keçiriləcəyi otellər bölgəsinə qədər olan əraziyə kamera quraşdırılıb. Ümumilikdə isə təhlükəsizliyin təmin edilməsi üçün 350-dən çox kameradan istifadə olunacaq.

Belekdə G20 Liderlər Zirvəsi üçün 28 otel ayrılıb. Liderlər toplantılarını “Regnum Carya Golf&SPA Resort”da keçirəcək və ikitərəfli görüşlər keçirəcək.

Zirvəyə qatılacaq liderlərin nə vaxt gəlib-gedəcəyi və hansı oteldə qalacağı təhlükəsizlik səbəbi ilə açıqlanmır. ABŞ prezidenti Barak Obamanın Antalyaya bazar günü gələrək buradan vertolyotla tədbirin keçiriləcəyi otelə gedəcəyi gözlənilir. Obama üçün “Regnum Carya”da gülləkeçirməz şüşələri olan lüks villa tikilib. Dəniz kənarındakı villanın ətrafı da havadan müdafiə sistemləri ilə təchiz edilib. Ancaq Obamanın bu villa deyil, Antalya körfəzindəki və ABŞ donanmasına aid bir döyüş gəmisində qalacağı ehtimal edilir.

Liderlərin qalacağı otellər rəsmi şəkildə açıqlanmasa da, Türkiyə mətbuatı Azərbaycan, Rusiya və Braziliya dövlət başçılarının “Maxx Royal” otelində qalacağını yazıb.

Digər liderlərin isə aşağıdakı otellərdə qalacağı bildirilir.

“Titanic Deluxe” – Yaponiya  və Avstraliya,

“Sueno Otel” – Çin,

“Spice Hotel” – İtaliya, Hindistan,

“Regnum” – ABŞ, Türkiyə,

“Cornelia Diamond” – Cənubi Koreya,

“Ela Quality” – Kanada,

“Kempinski The Dome” – Almanya,

“Bellis Deluxe” – Meksika, Fransa, İspanya,

“IC Hotel” – İndoneziya,

“Susesi Luxury” – Malayziya, Argentina,

“Sirene Belek”, – Cənubi Afrika Respublikası.

Şərh