Header ad

Gənclərin yaratdığı “AĞ blok” partiyaya çevrilir

“AĞ blok”un təsisçisi Türkiyənin hakim partiyasının timsalında yeni qurum yaradacaqlarını bəyan etdi

Noyabrın 1-də keçirilən parlament seçkiləri bitsə də, hazırda hər kəsi seçki ətrafında yaranan blokların taleyi maraqlandırır. Əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də siyasi birliklərin taleyi qısamüddətli olacaq? Bu sual hələ də cavabsız qalır…
Seçkilərdən sonra ölkə müxalifətinin sərgilədiyi susqun mövqe seçki ətrafında yaranan blokların qısa zamanda dağılacağı anlamına gəlir. Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə nəticələrə ciddi etirazın şahidi olmadıq. Demokratik düşərgə seçkilərin nəticələrini tanımamaqla bağlı bəyanatlar verməklə işini bitmiş hesab etdi.
Seçkilərə 4 namizədlə qatılan, əsasən gənclərdən təşkil olunmuş “AĞ blok”un təsisçisi Tural Abbaslıdan qurumun taleyi ilə bağlı ümumi dəyərləndirmə aldıq.
Blokun təsisçisi bildirdi ki, seçkilərdə maneələrə baxmayaraq, uğurla çıxış ediblər: “4 namizədlə seçkilərdə iştirak etdik. Hər bir namizədimiz iddiaçı olduğu dairədə favorit idi. Bunu tam məsuliyyətimlə deyirəm. Yaradılan məhdud imkanlara, hakimiyyətin maneələrinə baxmayaraq, yüksək səviyyədə seçki kampaniyası apardıq. Namizədlərimizə yerli icra orqanlarından təzyiqlər, şirnikləndirici təkliflər oldu. Bu namizədlərimizin favorit olduqlarının göstəricisi idi. Neçənci yer tutmağımıza gəldikdə isə mən də daxil olmaqla hakimiyyət səslərimizi azaltmaqla məşğul oldu. Əlimizdə protokollar var ki, axşam 100-dən çox səs yazılıb, amma səhər 50-dən aşağı salınıb. İqtidar təkcə namizədinin səsini şişirtmədi, eyni zamanda, rəqiblərin səslərini azaltdı. Bu baxımdan sıralamalara ciddi yanaşmırıq. Yeni qüvvələr olaraq seçkilərdə iştirak etdik. İnsanların yeniliyə tam açıq olduqlarını gördük. Yeni üzlər görən insanlar daha çox prosesə qoşulmağa həvəsli olurlar. Bu da bizim “yenilənmə olmalıdır” fikirlərimizi təsdiq etdi. Hazırda namizədlərimizin şikayətlərinin hazırlanması mərhələsindəyik. Azərbaycanda haqqımızı müdafiə edə bilməsək, Avropa Məhkəməsinə qədər gedəcəyik. Hüquqi addımlarımızı sona qədər atacağıq. Qeydə alınmayan iki namizədimiz-Əhəd Məmmədli və Kərim Ağarzanın işi artıq Avropa Məhkəməsinə hazırlanır. Seçkinin son akkordlarını vururuq. Seçkilərdə qarşımıza qoyduğumuz hədəflərə çatdıq. Çünki hakimiyyətin saxtakarlıqdan əl çəkəcəyinə ümid az idi. Biz bu prosesdə gənclər olaraq, müstəqil şəkildə iştirak etməyi qarşımıza hədəf qoyduq. Özümüzü bir daha cəmiyyətə təqdim etdik, reaksiyanı gördük. Bu məqsədlərə kifayət qədər nail olduq. Əldə etmək istədiklərimizdən daha çox uğur qazandıq”.
T.Abbaslı gələcəkdə siyasi qurum yaratmaqla bağlı planlarından da danışdı: “AĞ blok”un hər hansı bir quruma çevrilmək planı əvvəlcədən var idi. Seçkidə iştirakımız da bu planın dolayısı yolla mesajı idi. Seçkidə həm özümüzü, həm təşkilatlanma qabiliyyətimizi, həm də bacarığımızı sınamaq istəyirdik. Bu sınaqdan uğurla çıxdıq. Bu istiqamətdə danışıqlarımız davam edir. Bloku siyasi sferaya hərəkat, partiya kimi təqdim etmək ətrafında danışıqlarımız davam edir. “AĞ blok”un seçkilərdə topladığı təcrübə yeni qurumun platforması rolunu oynayacaq. Hədəflər qoyarkən insanlara yenilik bəxş etməyi ilk öncə düşünmüşük. Çox istərdik ki, təmsilçisi olduğumuz partiyalar da bu yeniliyə açıq olaydılar. Bildiyiniz kimi, blokumuzda Müsavat, KXCP və Ümid partiyalarından şəxslər var. Təəssüflər olsun ki, bu partiyalar yeniliyə qapalı oldular. Rəhbərlikdə olan qafaların XXI əsr siyasətinə aid olmadığı göründü. Yaxın zamanlarda atacağımız addımları hər kəs görəcək. İndiki mərhələdə siyasi passivliyi yaxşı bilirik. Bizim üçün də çox çətin olacaq. Siyasi quruma çevrilmək. Bunun fərqindəyik. Əminəm ki, bunun öhdəsindən gələcəyik. Xalqın çoxdan gözlədiyi yeni ümid olacağıq. Susqun görünə bilərik, amma passiv deyilik. Boş vədlərlə gündəmə gəlmək niyyətində deyilik. Siyasi arenaya güc kimi çıxmaq istəyirik. Yaxın zamanlarda “Ağ” partiya timsalında yeni bir qurum kimi cəmiyyətdə yer tutacağıq. Nəticələr qazanacağımıza inamımız tamdır. Bunun nümunələri də var. Qonşu Türkiyəni misal göstərə bilərəm. Yarandığı ilk iki ildə AKP hakimiyyətə gəldi. Mümkün olmayan bir şey yoxdur. Sadəcə istək, həvəs, iman, inam, cəsarət olan yerdə istənilən uğur olacaq”.

 

Şərh