Header ad

Fanatlar deyil, biz haqlı çıxdıq

Rusiya saytlarından birində bu yaxınlarda komsomolun yaranması gününün qeyd edildiyi xəbəri sataşdı gözümə. Məni qınamayın. Üstündən bir azacıq keşsə də mənə elə gəldi ki, mütləq bu haqda bir şey yazmalıyam.

Arabir sovet mövzularına müraciət etməyim heç də yersiz deyil, bunun da səbəbi var. Sadəcə, özüm üçün bir məsələni aydınlaşdırmaq istəyirəm: bu illər ərzində haradan gəldik və haralara çatdıq?

Bəli, məsələ bundadır ki, zamanın özü hər şeyi sahmanlayır və keçmiş nə qədər acılı-ağrılı olsa da, zaman acıları unutdurur, elə edir ki, dönüb keçmişə baxanda diksinmirik.

İndi mən də komsomolun adını eşidəndə əvvəlcə bir azacıq duruxdum, amma sonra hətta gülümsünə də bildim.

Etiraf edim ki, heç bir vaxt nümunəvi pioner və yaxud komsomolçu olmamışdım. Yadıma gəlir ki, bir vaxt pioner canımı oktyabryat olmaqdan, komsomol isə pioner qalstukundan qurtarmışdı. Sonuncü mənim üçün xüsusilə önəmli idi -yaşıdlarımla müqayisədə mən pioner qalstuku ilə daha tez vidalaşa bildim. Gənc olanda adam tez böyüməyə tələsir, fərqində də olmur ki, ötüb keçən aylar, illər ömürdən gedir.

Sonra isə başlandı. Bəli, üzücü komsomol dövrləri başlanğıc götürdü. Amma yalan danışa bilmirəm. Əvvəl mənə elə gəlirdi ki, bütün eyiblər komsomolun özündən yox, bizim komsomol “vojakları”ından gəlir.

Ona görə belə düşünürdüm ki, “Yeddi oğul istərəm” filmi, “Polad necə bərkidi” və “Gənc qvardiya” kimi romanlar vardı. Onlar mənə təlqin edirdi ki, haradasa uzaqlarda daha nümunəvi komsomol həyatı var. Həm də durub bəziləri kimi deyə bilmərəm ki, mən elə anadan anti-sovetçi kimi doğulmuşdum – bir daha deyirəm, mənə daim elə gəlirdi ki, haralardasa daha yaxşı sovet hökuməti və təbii ki, daha yaxşı komsomol var.

Amma tale elə gətirdi ki, uzaqları da gördüm. Ali təhsilimi Moskvada aldım. Universitetdə təhsil alarkən artıq birinci semestrdən sonra bir vaxt ideallaşdırdığım “uzaqlardakı komsomol”un ilk şilləsi mənə də dəydi – xizək yürüşünə qatılmadığım üçün mənə şiddətli töhmət verdilər. Nə qədər desəm də ki, axı, mən xizək sürə bilmirəm, heç ömrümdə bircə dəfə olsun əsil xizək görməmişəm, qulaq asmadılar, şiddətli töhməti yapışdırdılar şəxsi işimə.

O vaxt ilk dəfə başa düşdüm ki, “yaxın – uzaq komsomol” yox imiş, hamısı bir imiş. Bu mənim aldığım ilk dərs oldu. Sonra… Bəli, sonra başlandı. Mən ilk dəfə olaraq Moskvanın komsomol “fəalları”nı gördüm. Onların bəzisinin tələbələri necə güddüyünün, bayram günlərində içki içən və şənlənən tələbələri necə pusduqlarının şahidi oldum. Bəli, artıq daha mənim üçün ideal komsomol yox idi.

Üstündən bir az keçdi, pioneri və komsomolu idealllaşdırmaqda mənə az yardımçı olmamış yazıçı A.Rıbakovun yeni romanını – “Arbat uşaqları” əsərini oxudum. Bəli, “Bürünc quş”, “Kortik” və s. kimi əsərlərin müəllifi bu dəfə sovet quruluşunu yamanlayan əsər yazmışdı.

Amma o vaxta qədər komsomola öz münasibətim formalaşmışdı – başa düşmüşdüm ki, özümü komsomoldan qorumağı bacarmalıyam və bunun üçün onun iclaslarını buraxmamalı, sakitcə qeydiyyatdan keçib uzaq bir küncdə dinməz-söyləməz əyləşməliyəm.

Bəli, bu, artıq o dövrlər idi ki, ürəyimdə sovet quruluşuna, onun pionerinə və komsomoluna gizli bir nifrət olmasa da, hər halda, acıq vardı. Amma bu, hələ fəal nifrət deyildi. Fəal nifrəti sonradan, Bakıya dönəndən sonra duydum.

Nə başınızı ağrıdım, 20 Yanvar oldu və fikirləşdik ki, nə edək, nə etməyək, bəli, belə qərara gəldik ki, komsomoldan çıxaq! Beləcə, bir neçə gənc və necə deyərlər, perspektivli tədqiqatçı komsomoldan ərizə verib çıxdıq.

Yox, buna görə bizi qınayan olmadı. Proseslər elə gətirdi ki, tezliklə sovetlər də çökdü və bizim qəhrəmanlıq səhifəmiz də beləcə çevrildi.

İndi bu gün, bəli, artıq əlli bir yaşımda daha o çağları acıqla xatırlamıram və deyim ki, hətta indi də “Yeddi oğul istərəm”ə maraqla baxıram. Bilirsinizmi niyə? O vaxt rejissorun və ssenaristin bizlərə ötürmək istədiyi sətiraltı fikirləri tutmaq və o dövrün insanlarının əməyini qiymətləndirmək üçün.

Bəli, indi çox şeylərin üstü açılıb, çox şeylər məlum olub. Bəlkə də heç ətraflı bir şərhə ehtiyac yoxdur. İndi biz “könüllü komsomolçular” məsələsini də yaxşı bilirik, digər məsələləri də. Məlum olur ki, sovetlərin vaxtında könüllü elə həm də məcburi deməkmiş…

Amma bir məsələni gərək etiraf edim. Bu etiraf olmasa mənzərə tam açılmaz. Düzdür, çox şey bizə deyilən kimi olmasa da, çox şey hiperbolizə olunmuş kimi təqdim edilsə də, hər halda, o illərin adamlarının, Moskvanın komsomol fəallarının bir qismi həqiqətən də təmənnasız idilər.

Məsələn, onların sferasında rüşvət demək olar ki, yox idi və yaxud da olduqca az idi. Tutaq ki, iclasa getmədin və komsomol katibinin cibinə üç manat və ya beş manat pul qoydun – bax, belə şey qətiyyən olmazdı!

Bəli, onların da bəzisi sadəcə, fanat idi. Belə hesab edirdilər ki, hamı elə onlar kimi olmalıdır, onlar kimi yaşamalıdır və ölkə də kazarma olmalıdır.

Bir daha deyirəm ki, bəlkə də onların da bəzisi əsl mətləblərdən xəbərsiz idilər və çox şeyə ürəkdən inanırdılar. Hər halda, buna görə, özü də üstündən bu qədər vaxt keçəndən sonra adamı qınamazlar. Mən də qınamıram, sadəcə, çox sakitcə gülümsünürəm, çünki komsomol fanatları deyil, biz haqlı çıxdıq

Şərh