Header ad

Eldar Mahmudovun “rabitə” şəbəkəsi

Azərbaycan Prezidenti İlham Əliyevin dünən imzaladığı sərəncamla Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilib. Prezidentin bununla bağlı sərəncamında deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilsin”.

Dünən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yoxlamalar apardığına dair məlumat yayılıb. Nazirlikdə həyata keçirilən yoxlamalarla əlaqədar əksər sənədləşmə işləri dayandırılıb. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

Başlanmış cinayət işi üzrə nazirliyin 10-dan çox əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, “Aztelekom” İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov var. Eyni zamanda, nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da həbs edilib. Həbs edilənlər Bakı İstintaq Təcridxanasında saxlanılırlar.

Əli Abbasovun işdən çıxarılacağı gözlənilən idi

Ə.Abbasovun vəzifədən azad edilməsinin səbəbləri barədə düşünərkən, ilk növbədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin oktyabrın 12-də keçirilmiş 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını xatırlamalı olursan. Məhz həmin iclasda Prezidentin çıxışı sahibkarlığın, dolayısıyla ölkənin iqtisadi inkişafı ilə bağlı bir çox məqamlara aydınlıq gətirmiş oldu. Gəlin, dövlət başçısının iclasda söylədiyi fikirlərdən bəzilərini bir daha yada salaq: “Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə – nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax, 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax, bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər. Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”.

Ümumiyyətlə, Prezident İlham Əliyev dəfələrlə məmurları sahibkarlara azad şərait yaratmağa, sahibkarlığın inkişafı üçün mühiti liberallaşdırmağa çağırıb. Bu iclasdan 5 gün sonra – oktyabrın 17-də isə Prezidentin imzaladığı sərəncamla Eldar Mahmudov Milli Təhlükəsizlik naziri vəzifəsindən azad olundu. E.Mahmudovun vəzifəsindən azad olunmasından sonra Milli Təhlükəsizlik Nazirliyi ilə yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də pozuntulara yol vermiş bir rəhbər vəzifəli şəxs vəzifəsindən azad olundu, barələrində prokurorluq orqanlarındda cinayət işi açıldı, bəziləri həbs olundu. Xüsusilə, RYTN-in bir sıra iri qurumlarının rəhbər şəxsləri vəzifədən azad olunaraq barələrində həbs-qətimkan tədbiri seçildi. Bu mənada, nazir Əli Abbasovun da vəzifəsindən azad ediləcəyi tamamilə gözlənilən və qanunauyğun bir hal idi. Mətbuatda da onun tezliklə öz postu ilə vidalaşacağına dair yazılar özünə yer tapırdı.

Bu yerdə xatırlatma vermək lazımdır ki, Azərbaycan Respublikasında hər bir nazirlik, komitə, şirkət və dövlət komissiyaları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, həmçinin öz əsasanamələrini rəhbər tutmalıdırlar. Bütün icra hakimiyyəti orqanları öz fəaliyyətləri ərzində qeyd olunanları əsas tutmaqla müstəqildirlər və qanunlar qarşısında məsuliyyət daşıyırlar. Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri onları bu vəzifəyə xalqa xidmət üçün təyin etmiş Azərbaycan Respublikasının Prezidenti qarşısında mənəvi məsuliyyət daşıyırlar. Aparılmış araşdırmalar nəticəsində isə müəyyən edilib ki, Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də cəlb edib. Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov Azərbaycan Prezidentinin etimadını doğrultmayıb, qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaradıb. Bir nazirin qorxaq və zəif xarakter nümayiş etdirməsinə nə ilə bəraət qazandırmaq olar?! Onun vəzifədən azad olunması tam qanunauyğun deyilmi?! Əgər Əli Abbasova MTN-in sabiq rəhbərliyi tərəfindən qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün təzyiqlər olmuşdusa, o, vaxtında ən yüksək instansiyalara çıxıb, bu barədə onları xəbərdar etməli idi. Etməyibsə, demək hüquqazidd əməllərin həyata keçirilməsinin könüllü iştirakçısı olub.

Heç kəs toxunulmaz deyil

Prezident İlham Əliyev, ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan vətəndaşların hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş RYTN rəhbərliyi tam əks fəaliyyətlə məşğul olublar. İlkin araşdırmalar göstərib ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN “generalları” da yaxından iştirak edib, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyata keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib. Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Araşdırmaların nəticələrinə uyğun olaraq qanuna zidd əməllərdə iştirak etmiş şəxslər barədə qəti imkan tədbirləri həyat keçirilir və gələcəkdə də keçiriləcək.

Görəsən, həm MTN-in, həm də RYTN-in sabiq rəhbərliyi qanunsuz hallara yol verəndə bir gün bunun üstünün açılacağı barədə düşünməyiblərmi? Azərbaycan Prezidentinin qanunları pozan şəxsləri vəzifədən dərhal azad etdiyinin şahidi olmayıblarmı? Yoxsa, düşünüblər ki, hər ikisi 10 ildən artıq nazir işlədikləri üçün daha “yerlərini bərkidiblər” və onlara dəyib-toxunan olmayacaq. Zaman, bu insanların yanıldıqlarını göstərdi. Prezident İlham Əliyev özünün dediyi kimi heç kimin toxunulmaz olmadığını nümayiş etdirdi. Son hadisələr hələ də hansısa dövlət qurumunda qanunsuz fəaliyyətlə məşğul olan, yaxud bu iddiada bulunan insanlara da bir görk oldu. Azərbaycan Prezidenti, ölkə rəhbərliyi korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların aradan qaldırılması üçün böyük siyasi iradə nümayiş etdirir. Bundan sonra da Azərbaycan qanunlarına sayğısızlıq nümayiş etdirən hər kəsin aqibəti Eldar Mahmudov, Əli Abbasov və onların qanunsuz əməllərinə şərik olanların aqibətindən fərqlənməyəcək. Ölkədə vətəndaşların qanuni haqlarını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarlığa, biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq.

Şərh