Header ad

Dəyər böhranı… Əlavə Dəyər Böhranı

Ölkədə dəyərlər aşınıb, “nə pisdir, nə yaxşıdır” ayrımı qarışıb, bu haqda çox yazmayacağam, çünki, mənəvi problemlərdən siyasətçi yox, din adamları, filosoflar danışmalıdır. Sadəcə onu deyim ki, hamı rüşvətdən, korrupsiyadan şikayət edir, hüquq mühafizə orqanlarının, məhkəmələrin ədalətsizliyindən, qanunsuz əməllərindən gileylənir, amma, məsələn, toyda-yasda bir məhkəmə sədri, polis rəisi, müstəntiq, nazirlik işçiləri içəri girəndə toy-yas sahibi qabağına qaçır, ən yuxarı başa otuzdurur, onun qulluğunda durur. Dəyərlər aşınıb, yəni.

Mən bu gün iqtisadiyyatımızda olan Ələvə Dəyər Böhranından danışacağam. Ölkədə son illərdə 55-60 mlrd dollarlıq (neft-qaz sektoru bura daxil deyil) investisiya layihələri həyata keçirilib. Korrupsiya faktlarını qoyuram bir qırağa, burası aydındır, artıq ölkədə hamı bilir ki, investisiya layihələri korrupsiya mənbəyidir.

Söhbət yatırılan paraların ölkə iqtisadiyyatına gətirdi xeyirdən, yaratdığı əlavə dəyərdən gedir. Məsələn, yol infrastrukturuna milyardlarla vəsait qoyulub, özü-özlüyündə yollar əlavə dəyər yaratmır, yaxşı, keyfiyyətli, sürətli yol o zaman dolayı yolla əlavə dəyər yaradır ki, azad, rəqabətli mühit olur, iqtisadiyyatda mal və xidmətlərin dövriyyəsi sürətlənir, müştəriyə daha tez çatmaq mümkün olur. Əgər yaxşı yolun olub da, inhisarçı iqtisadiyyatın olanda, bu yol iqtisadiyyata heç bir xeyir vermir.

Başqa bir misal, son illərdə Bakıda binaların üzlənməsinə, mərmər səkilərə 1 mlrd. dollardan artıq vəsait sərf olunub. Birdaşa bu yatırımlar “ölüdür” geri dönüşü yoxdur, əlavə heç bir dəyər yaratmır, amma, dolayısı ilə iqtisadiyyata o zaman xeyri olardı ki, şəhərin gözəlləşməsi turizm axınını artırardı. Hökumət isə ABŞ-la, AB ölkələri ilə vizaları ləğv etmir, gələnlər mütləq miqrasiya xidmətində qeydiyyata durmalıdır, vizaların alınması çətindir, otellər, restoranlar, xidmətlər bahadır, yəni turist də gəlmir ölkəyə. Yaxşı, onda bu üzlənmiş binalar, mərmər səkilər, uzadılmış bulvar nəyə lazımdır?

Bu pullar yerə basdırılmış vəsaitlərdir, daha ötəsi, keyfiyyətsiz görülən işlər gələcək illərdə həmin obyektlərin, yolların saxlanılmasına, təmirinə daha çox vəsait tələb edəcək, beləliklə də, gələcək nəsillərə əlavə dəyər deyil də, əlavə problemlər yaranacaq.

Yatırımların böyük qismi məktəb və xəstəxanaların təmirinə, yenidən tikilməsinə xərclənib, son 10 ildə 2900 yeni məktəb, 500 xəstəxana tikilib, ya təmir edilib. Bu obyektlər də birbaşa əlavə dəyər gətirmir, amma. yaxşı təhsil, keyfiyyətli səhiyyə dolayısı ilə ölkəyə gəlir gətirə, əlavə dəyər yarada bilərdi. əslində isə tam tərsi oldu – təhsilin keyfiyyəti düşdü, müalicə və diaqnostika üçün vətəndaşlarımız qonşu ölkələrə üz tutdular. Bir sözlə, burada olan yatırımlar da effekt vermədi, əlavə dəyər yaratmağa yardımçı olmadı.

Mən iqtisadiyyatda sol, marksist yanaşmanın tərəfdarı olmasam da, Marksın əlavə dəyər nəzəriyyəsi işlək və hər bir iqtisadçının bilməli olduğu məsələdir. Bunu ona görə deyirəm ki, hakimiyyətdə olan kommunist kafalar bizi dinləmirlərsə, heç olmasa Marksı oxusunlar. Onu dinləsinlər, ölkənin bextinə lotoreya bileti kimi düşən neft pullarını betona, dəmirə, asfalta verib yerə gömməsinlər…

Natiq Cəfərli

Şərh