Header ad

“Kafir, sənin başın kəsilməlidi…”

Mirzə Sakitə Belçikanın mərkəzində terror cəhdi

Belçikada yaşayan şair Mirzə Sakitin başı qalmaqaldan qurtulmur. Son bir neçə gündə onun bıçaqlanması, yaralanması ilə bağlı sosial şəbəkələrdə çoxlu sayda xəbərlər dolaşırdı. 
Satirik şair sosial şəbəkədəki statusunda bu duruma aydınlıq gətirib. M.Sakit başına gələnlərlə bağlı aşağıdakıları yazıb: “Son 2 gündə haqqımda yayılan xəbəri olduğu kimi sizlərlə bölüşməyi özümə borc bildiyimdən yayılan məlumatlara aydınlıq gətirirəm. Üç gün öncə Brussel şəhərindən başqa bir şəhərə getmək üçün Brusseldəki “Nord stasion” adlanan dəmir yolu vağzalından bilet aldım. Qatarın yola düşməsinə 45 dəqiqə qalmışdı. Fikirləşdim ki, vaxtımı keçirtmək üçün vağzala yaxın kiçik parkda bir az oturum və həmin parka gəlib oturacaqların birində oturub siqaret yandırdım. Bu vaxt üç nəfər mənə yaxınlaşıb, siqaret istədilər, mən də siqaret qutusunu çıxardıb sayğı göstərərək açıb onlara tərəf uzatdım. Onlardan ikisi siqaret götürüb, biri sağ tərəfimdə, biri isə sol tərəfimdə əyləşdilər, üçüncüsü isə mənimlə üzbəüz ayaq üstə dayandı.
Qeyd edim ki, danışıqlarından onların fars olduqlarını bildim.
Məndən haralı olduğumu soruşduqda – Azərbaycandanam – dedim.. Sən demə, biri azərbaycanca bilirmiş. Qayıdıb mənə dedi ki, həə, Azərbaycan İranın bir əyalətidir. Mən də dedim yox, əksinə, İranın 70 faizi Azərbaycan torpağlarıdır, bir zamanlar İran imperialist qüvvələrlə birləşərək o torpağlarımızı işğal ediblər.
Bunu dedikdə sifətini bozardaraq dedi, İran istəsə Azərbaycanı bir saata alt-üst edər. Mən də dedim, mollanın işi yasin oxumaqdı, getsin yasinini oxusun, yəhudilərə də üzdə düşmən deyib əl altdan onlarla bir ittifaqda olsunlar, rusun da alətinə çevrilsinlər..
Dedi, molla yox, bizdə müctəhidlər var”.
Satirikin yazdığına görə, problem də bu mərhələdən sonra başlanıb: “Elə bunu deməyi gördüm, sağ və sol tərəfimdə oturanlar hər ikisi məni yumruqlamağa başladılar, qarşımda ayaq üstə dayanan isə təpiklə sinəmdən güclü zərbə vurdu.
Mən ayağa qalxdım və bərkdən fars dilində “Pədər söxtə” dedim..
Azərbaycanca danışan isə cibindən bıçaq çıxardıb dedi, kafir, sənin başın kəsilməlidi… Ətrafdakı adamların bizə yaxınlaşdığını və o adamlardan birinin “polis çağırmaq lazımdı” deməsini eşitdikdən sonra tez uzaqlaşdılar. Sinəmə dəyən təpik zərbəsi halımı pisləşdirdi və yerə oturdum, bir fransız qadın çantasından su çıxardıb mənə verdi, sonra həkim çağırdılar, ambulans gəlib məni apardı,müayinədən keçirtdikdən sonra mənə bəzi iynələr vurdular, həblər verdilər”.
Hazırda evdə olduğunu yazan Mirzə Sakit dünən günorta saatlarından axşama qədər yaşadığı evin qarşısında saqqallı bir nəfərin dayanaraq onların pəncərəsinə tərəf boylandığını vurğulayıb: “Kürəkənim həmin adamın şəklini telefonla çəkə bilib. Əziz soydaşlarım, bu qısa vaxtda Azərbaycandan, Türkiyədən, Rusiyadan, Belçikadan, Almaniyadan, Hollandiyadan, Norveçdən, İsveçdən, bilavasitə KİV nümayəndələri mənim telefonuma zəng edərək mənə mənəvi dəstək verən bütün dostlarıma dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Onlardan bəzilərinin telefon zənglərinə müəyyən səbəblərdən cavab verə bilmədiyimə görə üzr istəyirəm. Sağ olun, əzizlərim, hər zaman var olasınız”.
Şərh