Header ad

Britaniyanın Azərbaycanı təhlükəli ölkə hesab etməsinin pərdəarxası

Böyük Britaniyanın  Xarici İşlər Nazirliyi vətəndaşları üçün təhlükəli ölkələrin olduğu siyahını dərc edib. Siyahıda adı çəkilən 45 ölkə arasında Azərbaycan da qeyd olunub. Böyük Britaniya Əfqanıstan, Burundi, Mərkəzi Afrika  Respublikası, Tunis, Çad, İraq, Qvineya,Yəmən  kimi ölkələrin sırasında Azərbaycanın da adını hallandırması isə ictimaiyyətdə birmənalı qarşılanmayıb.  
Məsələ ilə bağlı musavat.com-a danışan NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov  bildirib ki, Cənubi Qafqaz regionunun sabitlikdən getdikcə uzaqlaşması Qərb və müttəfiqlərini narahat edir:
 “Stabilliyin ən çox zərbə altında olan ölkələr içində Azərbaycan ön sıradadır. Səbəb isə Rusiya və İranın regionda həyata keçirdikləri tədbirlərdir. Görünür ki, Britaniya kəşfiyyatının əlində kifayət qədər informasiya mövcuddur ki,öz vətəndaşlarına təhlükəsizlikləri üçün Azərbaycana getməməyi tövsiyə edirlər. Əslində ölkəmizin digər ölkələrlə bərabər bu siyahıda yer alması qürurverici deyil. Eyni zamanda burada başqa bir məqam da ola bilər. Son günlər ölkəmizdə dini radikalların mesajlarə və ölkədə sabitliyi pozmağa çalışmaları, görünür, buna  səbəb olan amillərdəndir.  Bizdə olan məlumata görə, tezliklə Amerika və bir neçə Avropa ölkəsi də öz vətəndaşlarına Azərbaycana getməmələri üçün məlumat verəcəklər”.
Ekspert bildirib ki,  bu gün  Azərbaycan üzərində çox kirli oyunlar gedir və bu barədə iki ay öncə ABŞ Mərkəzi Kəşfiyyat idarəsi ölkəmizi xəbərdar edib:
“Lakin görünən odur ki,  bununla bağlı heç bir qabaqlaycı tədbir görülməyib. Əslində terrorizmlə və radikalimzlə mübarizədə Mİ6,ABŞ kəşfiyyatı və MTN arasında tərəfdaşlıq olub. Lakin son iki ildir bu tərəfdaşlıq, demək olar, yox səviyyəsindədir. Səbəb isə Rusiya FTB-nin bu tərəfdaşlığa qarşı olmasıdır. Bu gün gəlinən nöqtə odur ki,Azərbaycanın məlumat və kəşfiyyat bazası yox səviyyəsindədir. Sadəcə FTB -nin verdiyi məlumatlarla kifayətlənməli oluruq. Bu isə məlumatın nə qədər düz olduğunu şübhə altına alır. Britaniyanın öz vətəndaşlarını “Azərbaycana getməyin”- deyə önərməsini, ölkəmizə verilən mesaj kimi də qiymətləndirmək olar. Səbəb isə tərəfdaşlıqda baş vermiş soyuqluqdur”.
Onu da qeyd edək ki, məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev anspress-ə bildirib ki, nazirlik bu məsələni şərh etməyəcək.
Əli Rais, musavat.com

 

Şərh