Header ad

Azərbaycana xaricdən gələn pullar kəskin azalıb

Bu da əhalinin böyük bir qisminin yaşayışının pisləşməsinə gətirib çıxarıb.

Ölkədə iqtisadi böhran dərinləşdikcə, əhalinin sosial-iqtisadi həyatı daha da pisləşir. Ölkə əhalisinin böyük bir qismi xaricdən göndərilən vəsaitlər hesabına dolanır. Xarici ölkələrdən, xüsusən Rusiyadan gələn pulların məbləğində də kəskin azalma var.

Bu ilin yanvar-sentyabr aylarında xaricdən Azərbaycana pul köçürmələri 863 milyon dollar təşkil edib. Bu barədə “fins.az” Mərkəzi Banka istinadən məlumat yayıb. Mərkəzi Bank bildirir ki, pul baratlarının ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 31,9 faiz azdır. Mərkəzi Bank azalmanı iqtisadi tərəfdaş ölkələrdə yaranmış vəziyyətlə izah edib.

Xarici ölkələrdən gələn vəsaitin azalması sözsüz ki, əhalinin yaşayışına da kəskin şəkildə mənfi təsir göstərir. Bir sıra rayon və kəndlərdə əhalinin əsasən Rusiyadan göndərilən pulla dolandıqlarını nəzərə alsaq, bu azalma fonunda yaranmış vəziyyəti təsəvvür etmək elə də çətin deyil. Məsələ burasındadır ki, Putinin yanlış siyasəti üzündən Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyada iqtisadi fəlakət yaradıb. Bu da birbaşa Azərbaycanda da yaşayışa təsir göstərir.

Nigar

Şərh