Header ad

AyseI Əlizədə seçkilər haqqında..

Seçkidən sonra nəsə yazmaq istədim. Alınmadı. Aida Mehdiyeva hər şeyi yazıb statusunda mənim yerimə. Təşəkkür edirəm.

Deyim ki, gerçəkdən məyusam. Ölkəm adına, xalqım adına dəhşətli dərəcədə məyusam. O müəllimləri görəndən sonra uşağımı hansı məktəbə qoyacağım qayğılandırır məni. Onlara uşaq etibar etmək olmaz. Paraleldə kitabımla məşğulam. Neçə gündü onun redaktəsini edirik deyə facebook – da olmuram. Ancaq seçkiyə qatıldığım üçün bir an olsun belə peşmanlıq duymadım. Çox şeyi yaxından gördüm. Çox işlədim. Ev-ev gəzdim, insanların nələr çəkdiyini çox dərindən öyrəndim. Elə hadisələrin, faktların şahidi oldum ki, illərlə yaz, yaz bitməz. Çox güman ki, “1984” ün “2015” versiyası Azərbaycanda yazılacaq.

Evdə oturub bir köşə qaralamaqla düzəlməz bu işlər. Görünənin görünməyən tərəflərini var gücümlə hiss etdim. Rəsulzadəni, Agaoglunu heç vaxt olmayan kimi anladım. Cəlil bəyi… Oxuma – yazma bilməyən xalqına nəyisə izah etmək üçün karikatura çəkmək nə boyda fədakarlıq və ağrıdı, bu, heç olmayan kimi yandırdı məni.

İnsanlar gördüm, böyük ürəkləri və ürəklərindən başqa heç nələri olmayan insanlar. İtirmədim. İki tanış itirdimsə, iyirmi min adam qazandım. Mən seçkini uduzmadım. QHT, Binəqədi İcra Hakimiyyəti, PA, YAP, MSK (DSK) , Təhsil Nazirliyi, ilə döyüşdüm. Biz seçki günü maşınla məntəqəyə adam doldurmadıq. O soyuq havada yuxudan oyanıb sakitcə səsverməyə gələn adamlar bizim üçün gəlmişdi. Eyni ad – soyadda adam çıxardılar, səsimizi dağıtdılar, yüz, min başıları təlimatlandırdılar, görüşlərə mane oldular, qurumlar birləşdi, yenə də olmadı. Biz bütün parametrlərlə qalib idik.

Necə olur bu?

Sadə səbəbi var. Vəhşi kimi istedad, zəhmət. Kimlərinsə bildiyini öyrənməyə bizə iki ay lazım oldu, bizim bildiyimizi isə onlar ömürlərinin sonunadək öyrənə bilməyəcəklər. Tarix çox böyük və amansız hakimdi. Ola bilər dövlətə bu gün başqa adamlar lazımdı, biz yox. Ancaq tarix əslində bu ölkəyə kimlərin lazım olduğunu göstərəcək. Biz ləyaqətlə, səliqəylə kampaniyamızı apardıq. Məni dəstəkləyən vəzifəsi olmadan böyük nüfuz qazanan ziyalılara, hər xəbərimizi tirajlayan, sevə-sevə işimizi işıqlandıran dost saytlara, kolleqalara, fədakar əzizlərimə, əvəzsiz dostlarıma, sevimli oxucularıma, izləyicilərimə, səs verən seçicilərimə bu boyda sevgini, uğuru mənə bəxş etdikləri üçün bütün ruhumla təşəkkür hissimi ifadə edirəm. Həmişə yanınızdayam.

Komandama da sözüm var. Uşaqlar, bərabər bir yola çıxdıq. Adamlara qəzet, kitab payladıq, dəvət alanda qonaqları olduq, problemləri ilə maraqlandıq, zirzəmilərinə kimi endik, utanmadıq. Bu ərazidə hər evin sorununu bilirik. Xalq nə düşünür, bilirik. Gücünüzü hər kəs gördü. Böyük təcrübə qazandıq birlikdə. Seçki günü gördükləriniz sizdə qətiyyən nifrət yaratmasın. Əksinə, sevginizi artırın. Çünki gücünüz, fərqiniz sevgidədi. Başınızı dik tutun hər zaman. Bu həyatdı…Sizə hər üzünü göstərə bilər. Onu tanımaqdan qorxmayın. Çünki yalnız bu zaman necə yaşamalı olduğunuzu biləcəksiz. Nələrə qadir, necə bacarıqlı olduğunuzu özünüz də gördüz. Özünüzü tanıdız. Müqavimət gücünüz artdı. Bundan sonra reallıqla necə davranmalı olduğunuzu daha yaxşı bilirsiz. Ləyaqətiniz, təmənnasız sədaqətiniz haqda hər dəfə düşünəndə duyğulanıram.

Sizinlə qürur duyuram!

Bu dairədən deputat olan Azay bəydən isə bircə xahişim var. Ərazidə problem olduqca çoxdu. Adamları ümidsiz, çarəsiz qoymayın. Onlara yaxın olun. Çox ehtiyacları var. Gərək olsa biz də köməyimizi əsirgəmərik. Dayaq olun xalqa. Sizin bunun üçün bütün imkanlarınız var. Hər kəsə sayğılarla…

Şərh