Header ad

“AKP Türkiyədə sabitliyi pozaraq vətəndaşdan səs aldı”

Atilla Kaya: “Pulu kim verirsə, anketlərdə nəticələr də həmin qrupun xeyrinə yazılır”

Türkiyədə 1 noyabr parlament seçkisi müxalifətin  məğlubiyyəti ilə başa çatıb. Seçki sonuclarına görə ən ciddi məğlubiyyətə Milliyətçi Hərəkat Partiyası (MHP) uğrayıb – partiya 7 iyun seçkisi ilə müqayisədə təxminən 2 milyon səs və mandatlarının 50 faizini itirib. İndi MHP Türkiyə Böyük Millət Məclisində cəmi 41 millət vəkili ilə təmsil olunur. Bununla da partiya artıq parlamentdəki üçüncü partiya olmaq haqqını da itirib. 

59 mandat qazanan HDP MHP-dən önə keçib. Partiyanın nəinki uzun illər mübarizə apardığı AKP-yə, PKK-nın siyasi qanadı olan HDP-yə belə böyük hesabla məğlubiyyəti milliyətçi cameədə böyük təəssüf hissi ilə qarşılanıb. Müzakirələrdə bu duruma partiya rəhbəri Devlet Bahçelinin 7 iyun seçkisindən sonra bütün uzlaşma təkliflərinə yox deməsi səbəb göstərilir.

Partiyanın İstanbul millət vəkili Atilla Kaya “Yeni Müsaat”a açıqlamasında bildirib ki, MHP-nin AKP ilə koalisiyadan imtina etməsi ilə bağlı deyilənlərin ciddi əsası yoxdur. Çünki 7 iyun seçkisindən sonra AKP nə MHP-yə, nə də CHP-yə koalisiya təklif etməmişdi:

– Bu seçkidə Türkiyə AKP-nin çox ciddi bir əməliyyatı ilə üzləşdi. AKP-nin heç zaman hər hansı partiya ilə bərabər koalisyon qurmaq fikri olmayıb. 7 iyun seçkisindən sonra da belə idi, 1 noyabr seçkisinə qədər biz bunu bir çox AKP liderlərinin dilindən açıq-aydın eşitdik. Onlar açıq mesaj verirdilər ki, Türkiyəyə təkpartiyalı hakimiyyət gərəkdir. Bu o demək idi ki, seçkidən yenə də koalisyon nəticəsi çıxsa, uzunmüddətli danışıqlar prosesi yenidən başlayacaq, hökumət böhranı davam edəcək. Son günlər deyilir ki, MHP 7 iyundan sonra koalisyona getsəydi, durum fərqli olacaqdı. Bunu yalnız naşı insanlar deyə bilər. Prosesi diqqətlə izləyənlər bilir ki, AKP heç bir partiyaya açıq şəkildə koalisiya təklif etmədi və bununla bağlı danışıqlarda barışcıl, ortaq fikrə yatqın mövqe tutmadı. Seçkidən sonra isə güney-doğuda hərəkətlilik çoxaldı, antiterror-əməliyyatları genişləndi, ölkənin bir sıra bölgələrində terrorçulara qarşı əməliyyatlar başlandı. Əslində AKP bunu hakimiyyətdə olduğu dönəmdə etməli idi. Ancaq terrorun genişlənməsi üçün şərait yaratdılar, hakimiyyət boşluğu zamanı isə bunu özləri üçün təbliğat kimi qullandılar. Bir sözlə, AKP Türkiyədə sabitliyi pozaraq vətəndaşı ona səs verməyə məcbur etdi. Vətəndaşa bildirdi ki, əgər biz təkbaşına hakimiyyət olmasaq, ölkə hüzursuz, asayişsiz, qarışıq olacaq. Təbii, bunlar mənim şəxsi düşüncələrimdir. Ancaq bu qənaətə gəlməm üçün xeyli səbəblərim var. Maraqlıdır ki, bu durum AKP üçün də gözlənilməz olub. Biz AKP yetkililəri ilə müzakirələr aparanda onlar seçkidən ən çox 44 faizlik nəticə gözlədiklərini bildirirdilər. Səslərini bu qədər yüksəldə biləcəklərinə onların özləri də inanmırdı. Ancaq aşkar görünür ki, AKP millətin səsini çox planlı əməliyyatla alıb, milləti bir növ məcburiyyət qarşısında qoydu. Nə deyək, xeyirli olsun. Yapacağımız bir şey yoxdur. Mübarizəmizə qaldığımız yerdən davam edəcəyik.

“Türkiyə ya AKP-nin siyasəti ilə daha sabit dönəmə daxil olacaq, ya da gərginlik bir qədər də yüksələcək. Bunların hər ikisi mümkün variantlardır”

– Atilla bəy, dediniz ki, AKP özü də bu qədər səs alacağını gözləmirdi. Son günlər açıqlanan anketlərdəki nəticələr 7 iyundakı nəticələrə çox yaxın idi. Sizcə, bu, məqsədli ola bilərmi? Bir qədər də dəqiqləşdirsək, bu cür anketlər müxalifəti əmin etmək, rahatlatmaq üçün ortaya atıla bilərdimi?

– Onların çoxu faktiki saxtakarlıqla məşğul olur. Türkiyədə bir dönəm sosioloji sorğu mərkəzləri seçkilərin nəticələri ilə bağlı dəqiq proqnozlar verirdilər. Sosioloji sorğu ilə ciddi araşdırma mərkəzləri məşğul olurdu. Partiyalar da strategiyalarını həm də bu nəticələr üzərində qururdu. Ancaq son 3 seçkidə sorğu mərkəzləri göstərdi ki, artıq onlara etibar etmək doğru deyil. Hakimiyyətlə işbirliyi içərisində olan şirkətlər var – qrup maraqlarına xidmət edən şirkətlər. Belə durumda obyektivlik aramaq mümkün deyil. Pulu kim verirsə, anketlərdə nəticələr də həmin qrupun xeyrinə yazılır.

– Yaxın gələcəkdə AKP-nin hansı addımlar atacağını düşünürsünüz? Antiterror əməliyyatları davam edəcəkmi, sizcə? AKP-HDP münasibətlərinin necə inkişaf edəcəyini düşünürsünüz?

– Təbii, AKP 1 noyabr seçkisi ilə uzun müddət öncədən düşündüyü planları həyata keçirmək üçün böyük şanslar qazanıb. Türkiyənin bundan sonrakı durumu birbaşa AKP-nin atacağı addımlara bağlı olacaq. Çözüm sürəci, normallaşma, açılım siyasətinin hansı istiqamətdə yürüyəcəyini yaxın günlərdə görmək mümkün olacaq. Türkiyə ya AKP-nin siyasəti ilə daha sabit dönəmə daxil olacaq, ya da gərginlik bir qədər də yüksələcək. Bunların hər ikisi mümkün variantlardır. Bütün olacaqlar AKP-nin yürüdəcəyi siyasətdən asılı olacaq.

– Əgər Türkiyə üçün hər hansı təhlükəli ssenarilər olacaqsa, parlament müxalifətinin bu durumu önləyəcək gücü varmı?

– Əlbəttə ki var. Müxalifət partiyaları mücadiləni davam etdirəcəklər, gərəkdiyi zamanlarda ortaq mövqe ortaya qoymağımız da mümkündür, təbii.

“AKP bilirdi ki, MHP güclənsə və parlamentdə daha çox millət vəkili ilə təmsil olunsa, uzun illərdən bəri keçirmək istədikləri qanunların, konstitusiya dəyişikliklərinin qəbulu çətinləşəcək”

– Atilla bəy, MHP daxilində seçkinin sonucları müzakirə edilibmi? Seçkidən dərhal sonra partiya başqanı Devlet Baxçalının istefası xəbərləri yayılsa da, o “görəvimin başındayam” mesajı ilə belə bir niyyətdə olmadığını dedi. Partiyanın bu məğlubiyyətdən sonra yola yeni liderlərlə davam etməsi nə qədər realdır?

– AKP-nin seçki oyunu bütünlükdə MHP üzərində qurulmuşdu. AKP bilirdi ki, MHP güclənsə və parlamentdə daha çox millət vəkili ilə təmsil olunsa, uzun illərdən bəri keçirmək istədikləri qanunların, konstitusiya dəyişikliklərinin qəbulu çətinləşəcək. Ona görə də məhz MHP-nin elektoratı üzərində işlədilər və bayaq dediyim kimi, seçiciləri faktiki olaraq sabitliyi seçməyə məcbur etdilər. MHP seçki sonuclarını təbii ki, müzakirə edir və edəcəkdir. Biz durumu ciddi şəkildə incələyirik. Yeni başqan məsələsinə gəlincə, partiyanın yerli qurumları, qurultay nümayəndələri var. Əgər onlar partiyada köklü dəyişiklik etmək qərarına gəlsələr, bu zaman partiya nizamnaməsinə uyğun olaraq qurultay çağırmaq səlahiyyətləri var. Hələlik ortada belə bir durum yoxdur.

Şərh