Header ad

Abutalıbova tabe qurum korrupsiya və sahibkarları incitməkdə ittiham edildi

“Təkcə Bakıda ölçüsündən asılı olmayaraq mövcud olan reklam lövhələrinin sayı, ilkin nəticəyə görə, 2500-dür. Orta hesabla bir ədəd reklam lövhəsinin aylıq icarəsi 400-700 manat arası dəyişir. Bu isə o deməkdir ki, bir reklam lövhəsinin illik icarəsi orta hesabla 6600 manat təşkil edir. 6600 manatı 2500-ə vurduqda isə 16.500.000 manat edir. Bu, təkcə reklam lövhələrinin hasabatıdır. Deməli, söhbət büdcədən yayındırılan milyonlardan gedir”.
Virtualaz.org saytı xəbər verir ki, bunu “Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacıəmi Atakişiyev bildirib.
H.Atakişiyev deyib ki, reklam bazarı büdcənin formalaşmasında zəif iştirak edir: “Nazirlər Kabineti hazırda normativ hüquqi aktlarının “Reklam haqqında” qanuna uyğunlaşdırılmasını təmin etmək, reklam qurğularına texniki tələblərini, reklamı qadağan olunan əmtəələrin siyahısını, nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi normalarını müəyyənləşdirmək, reklama dair texniki şərtlər pasportunun formasını, reklamın yayımına görə ödənilən haqqın məbləğini hesablama qaydasını, qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən etmək üçün müvafiq icra strukturları ilə işlər aparır. Ölkədə reklam bazarının vəziyyəti ürəkaçan deyil. Reklamlarda dil, üslub, keyfiyyət, yerləşdirilmə və ona nəzarət bir mənbədən idarə olunduğu üçün inhisar və korrupsiya halları qaçılmazdır”.
Birlik sədri Reklamda Özünü Tənzimləmə Agentliyi (RÖTA) ilə birgə monitorinqlər keçirildiyini də qeyd edib: “Təəssüflər olsun ki, monitorinqlərin nəticəsi ürəkaçan olmayıb. Monitorinqlər nəticəsində aydın olub ki, reklam bazarından gələn gəlir dövlət büdcəsindən yayındırılır, qiymətlər şişirdilir. 1997-ci il tarixli qanun ləğv edilsə də köhnə fərmanla tənzimlənən qiymət cədvəli ilə sahibkarlardan pul yığılır. Bu da sahibkarlar arasında haqlı narazılıqlar yaradır”.
Yeni qəbul olunan qanunun 26.8-ci maddəsində göstərilir ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları hesab edilmir. Bu maddə prezidentin 1 noyabr, 2012-ci il tarixli, 596 saylı fərmanda da əksini tapıb.
Lakin Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi bu günə qədər də onlardan pul almaqla qanun pozuntusuna yol verir, sahibkarların hüquqlarını pozur və onların dövlətə inamını zəiflədir. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə şəhər icra hakimiyyətləri, bələdiyyələr rüsum adı ilə pul yığırlar ki, bunların da dövlət vergi orqanlarında nə adla qeydiyyata düşmələri bəlli deyil. Hesab edirik ki, qanunla reklam hesab edilməyən fəaliyyətə görə rüsum yığılırsa, deməli, vergidən gizlətmələr, inhisarçılıq, korrupsiya hallarının baş verdiyi danılmazdır”.
“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyi və Reklamda Özünü Tənzimləmə Agentliyinin keçirdiyi monitorinqlərin ilkin nəticələrinə görə, Xətai, Nizami və Yasamalda 130 obyektdə reklam subyektlərinin 93 faizində sənədləşdirilmə aparılmayıb. Qanunun 26.8-ci maddəsinin təsiri altına düşən obyekt sahiblərindən isə pul toplanıb. Monitorinq keçirilən obyekt sahiblərinə hüquqları başa salınıb, lakin sahibkarların əksəriyyəti icra hakimiyyətlərindən çəkindiklərini, onların tələblərini yerinə yetirməyəcəkləri halda təziqlərlə qarşılaşacaqlarını bildiriblər.
H.Atakişiyev deyib ki, bu kimi hallara yol verən məmurlar prezidentin imzaladığı sənədlərin icrasına laqeyd yanaşır, Azərbaycan reklam bazarında hərc-mərclik yaradır, sahibkarların hüquqlarını pozur və onların dövlətə inamını zəiflədirlər: “Bu gün narazı insanlar Azərbaycan Reklamçılar İttifaqı olaraq bizə müraciət edirlər. Hazırda bununla bağlı hüquq-mühafizə orqanlarına rəsmi hesabat hazırlayırıq. Ölkədə baş verən son hadisələr göstərdi ki, ölkə başçısı qanun pozuntusuna yol verən və vətəndaşları dövlətdən narazı salan, vəzifəsindən asılı olmayaraq hər bir məmura qarşı amansızdır. İnanırıq ki, bu faktlar hüquq-mühafizə orqanlarına təqdim edildikdən və ictimailəşdirildikdən sonra günahkar şəxslər cəzalandırılacaqlar”.
Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi illik reklam büdcəsi ilə bağlı statistika açıqlayıb. İllik reklam büdcəsi təxminən 1.250.000 manatdır.
Xatırladaq ki, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov da reklam biznesinin 89 faizinin “kölgə iqtisadiyyatı”nın payına düşdüyünü açıqlayıb.

 

Şərh