Header ad

Tarixin “ac köpəklər”i

Eramızdan 4 əsr əvvəl yunanlar Efor və Feopomp tarixşünaslığı ritorikanın xidmətinə keçirdikləri vaxtdan bəri bu elmin ciddiyyətini azaldaraq onu əyləncəyə çevirmək meyli başladı. Faktların sadalanması və analizi ikinci plana atıldı, onun yerini isə dramatiklik və fantaziyalar tutdu.

“Ümumdünya tarixi” əsərinin müəllifi Efora görə, tarix monotonluqdan uzaq olmalı, hadisələrin təsvirində isə ön plana müfəssəllik yox, parlaq detallar çıxarılmalıdır. Və tamamilə əhəmiyyətsizdir ki, bu detallar tarixi həqiqətə uyğun gəlmir. Nəticədə tarixçinin əsas məqsədi olanları çatdırmaq yox, oxucuda ya rəğbət, ya də qəzəb yaratmaqdır; oxucu tarixi oxuyanda ya riqqətə gəlməli, ya da nifrət etməlidir. Necə ki, natiqin nitqi kimisə tərifləmək və ya ittiham etmək məqsədi daşıyır, eləcə də tərif və qınaq tarixçinin vəzifəsinə çevrilir. Odur ki, müharibələrin təsvirində düşmən tərəfin ünvanına olmazın cinayətlər yazılır, yaxud uzaq ölkələrin təsvirində qəsdən yanlışlıqlara yol verərək təəccüb və möcüzə effekti yaradılır. Məsələn, Durid Hindistanda qızların 5 yaşında doğduğunu, Meqasfen orada yaşayanların qulaqlarının ayaqlarına qədər uzandığını yazır, Klitarix Peloponnes müharibəsinin baiskarı kimi Periklin qadını Aspasiyanın adını çəkir, Aristobul isə Ammon vahəsinə aparan yolu İsgəndərə 2 qarğanın göstərdiyini təsvir edir.

Bir sözlə, tarix tədricən səhihliyə heç bir aiddiyyatı olmayan əfsanə, uydurmalar, dramatizm, yalan, parlaq nüanslar və ya hörmət, ya da nifrət yaratmaq məqsədi daşıyan təbliğat üsuluna çevrilir. Məsələn, “Yunan tarixi”nin müəllifi Feopompun yazılarında o qədər təhqir və qınaqlar vardı ki, onu “yazıçıların ən zəhərlisi” adlandırırdılar. Öz əsərlərini cəfəng mühakimələr, Zərdüşt və Epimenid barədə əfsanələr, şayiələr ilə doldurmağına baxmayaraq, Feopomp özünü Herodot və İsokratdan daha üstün tarixçi saymaqdan çəkinmirdi.

2500 il ötüb və vəziyyət oxşardır, hətta identikdir. Tarix də, siyasət də, hətta gündəlik yaşam da o qədim tarixçilərin təbliğ etdiyi üsulla gedir – bəlağət tarixşünaslığı üstələyib, yazılan cümlələr, göstərilən süjetlər çox vaxt olanı gizlədib olmayanı son instansiyada həqiqət kimi auditoriyaya təlqin etməklə yalanı və şayiələri əsas təbliğat alətinə döndərib. Yenə də informasiyalar doğruluğa yox, nifrət və simpatiya səpməyə xidmət edir. Və yenə də bol küyün içində nəyin doğru, nəyin yalan olduğunu aydınlaşdırmağa vaxt və fürsət tanımırlar.

İsraildən olan Sol sosioloq İshaq Şamir bu halı “Dikursun sahibləri” adlandırır. Bu sahiblər müəyyənləşdirirlər: 100 minlik nümayişi niyə TV-də göstərmək olmaz, ancaq 5 nəfərlik piketi olar. Niyə İraqın işğalında həlak olan 100 minlərlə dinc əhaliyə ekranlarda yer yoxdur, ancaq işğalçı ABŞ ordusunun hər bir itkisi günün mövzusu olmalıdır…

Bu, “Soyuq müharibə”dən qalma dəst-xətdir ki, hələ də və daha absurd formalarda davam etdirilir, qloballaşıb və adiləşib. Məsələn, 1989-cu ilin dekabrında “qanlı diktator” Çauşeskunun Timişoara şəhərində “güllələtdiyi” minlərlə dinc sakin barədə nağıllar Çauşesku həyat yoldaşı ilə birlikdə tələsik güllələnəndən və yeni hakimiyyət bölüşdürüləndən dərhal sonra unuduldu. Eləcə də Səddamın “sulfat turşusu vannaları” nədənsə onun məhkəməsində ittiham aktına daxil edilmədi. Yaxud Qəzzafinin “işgəncə verdiyi” çoxsaylı dissidentlər bu çiçəklənən ölkəni orta əsr qaranlığına yuvarlatmaq üçün başladılan cəng bitən kimi yağlı əppək olub ərşə çəkildi…

Yaxud digər misal: ilin əvvəlində xəbər yayıldı ki, Şimali Koreya diktatoru Kim Çen In dekabra qədər ölkədə 2-ci şəxs və “boz kardinal” hesab olunan Çan Son Txeki – bibisinin həyat yoldaşını diri-diri ac itlərə yedizdirib. Feopomp belə bu cür məlumatlara həsəd aparardı!

Məlumatın mənbəyi də vardı: O günə qədər heç nə ilə diqqəti cəlb etməmiş bir Çin qəzeti. Qəzet “Wen Wei Po” adlanırdı və onun bu dərəcədə məlumatlı olması ilə bu dərəcədə indiyədək kölgədə qalması, razılaşın ki, həllsiz ziddiyyət təşkil edirdi. Həmin qəzetin jurnalisti Çində oturub Şimali Koreyadan yazırdı ki, Kim Çen In öz qohumunu və onun 5 tərəfdarını 3 gün ac saxlanmış 120 köpəyə yedizdirib. Üstəlik, həmin vaxt diktator sərxoş vəziyyətdə olub (Yəni, bu tip bir gün yenə sərxoş olub nüvə silahının düyməsini də basa bilər).

Dərhal bu dramatik təfsilatı bütün dünya qəzetləri paylaşdı, şərh etdi, nəticələr çıxardı, emosiya qammaları əlavə etdi və son instansiyada həqiqətə çevirdi. Halbuki, qapalı ölkə olan Şimali Koreyada bu cür vəhşi edam üsulu icra olunubsa da, ondan üçüncü səviyyəli qəzetin müxbiri xəbər tuta bilməzdi. Üstəlik, onun Pxenyanda mənbəsi də ola bilməzdi, axı qəzet edamların qapalı şəraitdə və dar çərçivənin şahidliyi ilə icra olunduğunu yazırdı. Və Kim Çen In bu cür vəhşiliyə qadirdisə də, həmin dar çərçivədən heç kəs ac köpəklərin növbəti şikarına çevrilməyə qəti razı olmazdı. Bir sözlə, qəzetin uydurmasında ehtimal nəzəriyyəsinə uyğun olaraq hansısa reallıq olsaydı belə, bu, təsadüf ola bilərdi: heç bir mənbə, foto, video və digər sübutedici dəlillər yoxdu.

Şimali Koreya diktatoru onsuz da yetərincə mənfi tipajdır (eynilə balaca buş və ya Obama kimi), ancaq onun bioqrafiyasını ac köpəklərlə “bəzəmək” ifratçılıq deyilmi?!

Madam ki, informasiya adı atında oxucuya qəlp, yalan, təxəyyül məhsulu olan şayiə yedizdirirlər, deməli, burada məqsəd təbliğatdır. İkinci məqsəd də ola bilər – hansısa “sarı qəzet” oxucu toplayır. Yəni, vəziyyət Feopomp dövründəki kimidir: kiminə təbliğat, kiminə satış və auditoriya. Ancaq bu cür üsullar yaşadığımız dünyada siyasət, tarix, psixologiya, politologiya alətinə çevrildilirsə, doğrudan da, biz hələ uzun illər hər dekabrın 31-də növbəti 1984-cü ilin gəlişini qeyd edəcəyik.

Təsir isə əks-təsir doğurur. Məsələn, Şimali Koreyanın dövlət televiziyası ABŞ-da çəkilmiş süjeti göstərir: ac, evsiz, bomj amerikalılar zibillikdə eşələnir, hakimiyyəti söyür, bir-birinin ətini yeyir. Yəni, ABŞ vətəndaşları iqtisadi, maddi, mədəni deqradasiyanın girdabında öz insan sifətini tamamilə itirib vəhşi heyvana çevriliblər. Və təbii ki, Kim Çen Inın 120 ac köpəyinə milyonlarla obıvatel inandığı kimi, ABŞ-dakı kütləvi aclığa da Şimali Koreyanın milyonlarla obıvateli inanır.

Sonra isə bu ac köpəklər də, bu ABŞ barədə süjet də gələcək tarixçilər üçün əlahiddə və səhih faktlara və istinad üçün mənbələrə çevriləcək. Baxır harada və hansı tarixçilərin…

***

Ədalətsizcəsinə unudulmuş yuqoslav yazıçısı, kommunist Siril Kosmaçın (1910-1980) “Tantadruy” novellasında eyni adlı baş qəhrəmanın yaşamında yeganə ehtirası ölmək olur.

“Tantadruy bapbalaca bir varlıqdı, onun ağlı da bapbalaca idi, ancaq balaca qəlbi yetərincə genişdi ki, oraya nəhəng bircəcik arzusunu yerləşdirsin: ölmək arzusunu. Anasının ona ancaq öləndən sonra xoşbəxt olacağını söylədiyi gündən bəri bu arzu ona elə sahib çıxmışdı ki, yalnız onu gerçəkləşdirmək üçün yaşayırdı…” – Kosmaç novellasında yazır.

Hər dəfə özü üçün yeni ölüm növü fikirləşib tapan Tantadruyu hər dəfə də keşiş istəyindən daşındırır: Özünü yandırmaq olmaz, çünki, bu, ölmək yox, yanmaqdır; soyuqda ölmək olmaz, çünki, bu, ölmək yox, donmaqdır və s. və i.

Əgər heç bir siyasi və ictimai idealı olmayan, həmfikirlərdən və kollektiv nümunədən məhrum Tantadruy ölümü bu cür arzulayırdısa, idealların daşıyıcısı sayılan, həmçinin o biri dünyaya pənah aparan terrorçular niyə öz motivasiyalarında patoloji görünsünlər ki? Ancaq… Kosmaç əvvəldən yazırdı: Tantadruy xəstə doğulmuşdu…

Bizim dövrümüzdə sanki KİV tantadruylar istehsal etməklə məşğuldur və Kosmaçın personajının prototipləri də inandırılır ki, onlar yalnız öləndən sonra xoşbəxtliklərini tapacaqlar. Nəticə qapqaradır: Bizlərə Freydin söylədiyi kimi, Eros yox, Tanatos başlanğıcının üstün gəldiyi dövrdə yaşamaq qismət olub.

Tanatosun vuallaşmış təbliğinə hər gün rast gələ bilərsiz. Axı çoxdan bəlli həqiqətdir: terror aktlarından yazılmasa, danışılmasa, onlar göstərilməsə, dəhşət saçan, qorxudan effektlərini də itirəcəklər. Terroru göstərmək bilavasitə, yaxud bilvasitə onun populyarlaşmasına səbəb olur və kəmiyyətini artırır. Hətta art-haus kimi təqdim olunan sənədli filmlərdə də bu tip üstüörtülü təbliğatı görmək olur. Məsələn, Norveç rejissoru Beate Arnestad 2007-ci ildə “Mənim qızım kamikadzedir” sənədli filmini çəkir. Yer – Şri-Lanka, qəhrəmanlar – Tamil İlam Azadlıq Pələngləri təşkilatının qız kamikadzeləri (“qara dişi pələnglər”).

Hökumət qoşunları onların evlərini bombalayır, tamillər də ölkənin müxtəlif şəhərlərində bombalar partladaraq qisas alırlar. Hökumət qoşunları kəndləri viran qoyur, onlar da cavab kimi Kolomboda Milli Bankın binasını havaya uçururlar. Hər hücuma bir cavab və beləcə zorakılıq epidemiyası davam edir. Kamikadze qız “Biz dinc əhalini öldürmürük” deyir və bu, yalandır. Hökumət rəsmiləri “Biz dinc əhali ilə savaşmırıq” deyirlər və bu da yalandır. Tamaşaçı isə neytral bir filmə baxır sanki: kamikadze qız idman edir, saçını darayır, yemək yeyir, anası ilə görüşür, “Başqaları nə vaxt və necə öləcəklərini bilmir, biz isə bilirik” deyir. Və ölüm qorxusunun yoxluğundan danışır, Liderə (Vellupilai Prabxakaran. 2010-ci ildə öldürüldü – Red.) sədaqətdən, xainlərə qarşı amansızlıqdan, azad Tamil dövləti idealından bəhs edir… Buyurun, qarşımızda hazır Tantadruydur – ölməyə can atır ki, xoşbəxt olsun.

Rejissor isə neytral da yox, sanki biganə mövqeyindədir: ah, maraqlı, sensasion süjet hazırdır! Kamikadze ilk dəfə bizə danışır! Mükafatlar, maliyyə… Bir sözlə, hər şey əladır.

Kim deyir ki, sənədli filmdə müəllifin öz mövqeyi olmamalıdır? Rejissor Arnestaddan terrora münasibətini soruşsaq, “Lənətləyirəm” deyəcək. Ancaq filmində lənətləmir. Növbətçi sözlər yox, ərsəyə gətirdiyin filmin mesajı əhəmiyyətlidir. O mesaj isə yoxdur.

Onun filminə dünyanın 4 yanına səpələnmiş tamillər baxır və “qara dişi pələnglər”ə simpatiya yaranır. Onun filminə qeyri-tamillər də baxır və rejissorun biganəliyi səbəbindən anlamırlar ki, filmdəki kamikadze qızları haradasa anlamaq olar, ancaq haqq qazandırmaq olmaz.

Nəticədə, terrorun və kamikadze aktlarının üstüörtülü təbliğçiləri cərgəsinə incəsənətin daha bir növü – kino da qoşulur.

Öldürməklə ölməyi sevməklə yaşamaqdan üstün tutanlar isə başqa planetdən gəlməyiblər. Tantadruyu ölümdən sonrakı xoşbəxtliyə anası inandırmışdı, terrorçuları inandıran “ana” isə günün 24 saatı susmayan informasiya vasitələridir…

Məmməd Süleymanov

Şərh