Header ad

“Bu ölkə həmişə yalan danışıb, partnyorlarını aldatmağa çalışıb”

Eks – spiker Rəsul Quliyev Moderator.az – a göndərdiyi bu dəfəki yazısında Baltikyanı ölkələrin sovetlərin hüquqi varisi olan Rusiyadan təzminat tələbi irəli sürməsinə Azərbaycandakı reaksiyalara münasibət bildirib:
“Baltik ölkələrinin Rusiyaya qarşı irəli sürdüyü kompensasiya (sovet dövründə bu ölkələrə vurulmuş zərəri ödəmək) tələbi hüquqi çəkisi olmayan tələbdir, daha çox mənəvi və siyasi xarakter daşıyır. Ümumiyyətlə, Rusiya imperiyası yarandığı 18 – əsrdən bu günə qədər heç vaxt heç bir qitədə uzun müddətli (məsələn 25 il) dostu olmayıb, əksinə, heç bir ölkə onlara heç vaxt inanmayıb, qonşuları isə nifrət ediblər. Bu ölkə heç vaxt səmimi olmayıb, həmişə yalan danışıb, partnyorlarını aldatmağa çalışıb. Nə 200 il öncə Napaleon, nə 1 – ci, nə də 2 – ci dünya müharibələrində Rusiya ilə ittifaqda olan ölkələrin heç biri heç zaman bu ölkəyə inanmayıb, bir dost kimi arxasını çevirməyib. Bu günün özündə də Krımı işğal etməsi, Donbasda Ukraynaya qarşı müharibə açmasını həyasızlıqla danır. Hətta axırıncı terror aktı belə bu günə qədər qəbul etmir, özünün fiaskoya uğramış Suriya siyasətini tərifləyə – tərifləyə durur. Baltik ölkələri Rusiyaya qarşı olan sonsuz nifrətini kompensasiya tələbi şəkilində biruzə verir və heç bir finans kompensasiyası olmayacağını bilir…
Müharibədən sonra uduzan ölkənin udana verdiyi maddi, finans kompensasiyaları 1000 illərdir mövcuddur. Almaniyanın Xolokosta görə yəhudilərə kompensasiya verməsi faktı da mövcuddur. Ancaq Baltik ölkələrinin kompensasiya tələbinin müsbət həlli yoxdur. Birincisi, Sovetlər bu ölkələrin SSRİ tərkibində respublika olmaq istədiklərini hüquqi nöqteyi nəzərdən düzgün qanunlaşdırıb. İkincisi, Sovetlərin sərhədlərinin Baltik ölkələri ilə birlikdə olmasını 2 – ci dünya müharibəsindən sonra dünya qəbul edib. Hətta 500 il Almaniyanın (Prusiyanın) paytaxtı olan Rus imperiyasından 5 dəfə qədim olan Könsberqi də SSRİ – nin ərazisi kimi qəbul ediblər. Ona görə də Baltik ölkələrinin tələbinin hüquqi əsası yoxdur.
Azərbaycana gəldikdə ümumiyyətlə bu barədə danışmaq gülüncdür. Birincisi, Azərbaycan Sovet dövründə ən ağır aqressiyaya malik qalan respublika olub deyənlərin əsası yoxdur, daha doğrusu, şüar deyillər. Biz azərbaycanlılarda belə ifrat, əsasız iddialar çox olur. Bir hadisəni xatırlayıram. Konstitusiyada dövlət dili kimi Azərbaycan, Türk və ya Azəri türkü yazmaq məsələsi müzakirə edilirdi. Mən sözsüz Azərbaycan dili yazılması tərəfdarlarından idim. Bizim hörmətli bir şairimiz söz alıb “Heydər müəllim, nə yazırsınız yazın, ancaq Füzulinin qəbrini Kərbəladan gətirib Azərbaycanda dəfn edin” dedi. İclasda iştirak edənlərin bir çoxu bu təklifə çox müsbət baxırdı. Bu təklif sözün əsl mənasında mənə gülməli gəlirdi. Bütün türk dilli xalqların hamısı türk, ərəb və fars dillərinin hər 3 – dən istifadə etməklə əsərlərini yazmış (ona görə də yazılarının altında bir çox sözlərin tərcüməsi verilir) Məhəmməd Füzuli Kərbəlada anadan olmuş (atası da orada anadan olub) orada yaşamış və vəfat etmiş şəxsiyyətdir. O dövrdə indiki Azərbaycan barədə təsəvvürü olmayan, Şah İsmail Xətaini qəbul edən bu şəxsin qəbrini necə və hansı məntiqlə öz vətənindən başqa bir yerə köçürmək olar. Və indi Azərbaycanın işğalı 200 il bundan öncə olub və ya 5-ci kalona qarşı kompensasiya tələbi irəli sürmək olmaz fikirləri sadəcə olaraq korrekt deyildir.
Birincisi, Azərbaycanın başqa məsələn pribaltlarla münasibətdə daha çox təcavüzə məruz qaldığını təsdiq edən faktlar yoxdur. Məsələn, həmin o Litvanın əhalisini yarısı ölkəsini tərk edib Avropa və Amerika qitələrinə qaçıblar. 1 milyondan artıq ailə Sibirə sürgün edilib. 500 min insan 100 mindən çox uşaq edam edilib.
200 il bundan öncə Azərbaycan adlı ölkə yox idi. 1805 – ci ildən Azərbaycanda olan xanlıqların azı 30 faizi görünməmiş satqınlıqla Rusiyanı bizim torpaqları işğal etməyə çağırırdı. 1828 – ci ildə Rus – İran müharibəsində sülhə nail olmaq naminə İran höküməti indiki Azərbaycan hesab edilən torpaqlarını rəsmi, müqavilə ilə Rus imperiyasına verib və onların işğalını hüquqi təsdiqləyib. 1918 – ci ilin mayında özünü müstəqil elan edən Azərbaycanı beynəlxalq aləmdə bir sıra ölkələr, o cümlədən Rusiya tanıyıb. 1920 – ci ilin aprelində çevriliş, işğal kimi qiymətləndirilməyib, hökümətin bolşeviklərə verilməsi kimi dəyərləndirilib. Və 1922 – ci ilə qədər Sovet Azərbaycanı müstəqil dövlət kimi qəbul olunub. 1922 – ci ildə Azərbaycan öz arzusu ilə SSRİ – nin tərkibinə müstəqil dövlət kimi daxil olub, hansı kompensasiyadan söhbət gedə bilər? Xoşbəxtlikdən 1991 – ci ildən sonra RF Azərbaycanın müstəqil dövlət olduğunu qəbul edib, bir sıra beynəlxalq sənədlərə imza atıb. Yoxsa RF istənilən vaxt Azərbaycanın başı boş rəhbərlərinin 1991 – ci ildə keçirdiyi “Sovetin tərkibində qalmaq istəyirsən, ya yox” referendumunun nəticələrini əsas götürüb yenidən Azərbaycanı işğal edərdi”.
Şərh