Header ad

Әli Kərimli ölkəni gözləyən real təhlükədən yazdı

AXCP sədri Әli Kərimli Rusiyanın Ermənistanla hava hücumundan birgə müdafiə sazişi imzalamağa hazırlaşmasına münasibət bildirib. Feysbuk səhifəsində paylaşdığı açıqlamada Әli Kərimli bunu Azərbaycana qarşı hərbi təhlükə kimi qiymətləndirib. AXCP lideri yazır:

Əziz həmvətənlər, bu gün ölkəmiz üçün çox ciddi hərbi təhlükə yarandığından xəbəriniz oldumu? Torpaqlarımızı işğal etmiş düşmən Ermənistanın hava məkanının müdafiəsini Rusiya rəsmən öz üzərinə götürür. Rusiya və Ermənistan arasında müvafiq sazişin hazırlanması üçün Rusiya prezidenti sərəncam imzaladı. Azərbaycan hökumətinin xarici siyasəti rəsmən iflasa uğradı. Onların siyasətinin iflas edib-etməməsi nisbətən kiçik məsələdir, əsas odur ki, ölkə üçün ciddi hərbi təhlükə yarandı. Rusiya və Ermənistan arasında imzalanacaq yeni sazişə görə, bizim Ermənistanla aramızda yeni müharibə başlayacağı təqdirdə, Ermənistan öz hava məkanından tam arxayın ola bilər. Bu halda Azərbaycanın döyüş təyyarələrini də, Ermənistana atacağı raketləri də Rusiya hava hücumundan müdafiə qüvvələri qarşılayıb zərərsizləşdirəcək. Ermənistan tərəfindən daha müasir hücum vasitələri ilə olacaq hücumları isə biz özümüz qarşılamalı olacağıq. Daha sadə ifadə etsək, bizim əl qolumuzu bağlayıb, Ermənistana da “vur!” deyəcəklər.

Əvvəlcə ölkəni bütün ehtimal olunan müttəfiqlərdən təcrid edib, Rusiyanın himayəsinə sığındılar. Azərbaycanla hərbi müttəfiq olub, ərazi bütövlüyümüzə dəstək verənləri deyil, hər yerdə, hər fürsətdə Rusiyanı müdafiə etdilər. Xalqın boğazından kəsib Rusiyadan milyardlarla dollarlıq mənəvi və fiziki cəhətdən köhnəlmiş silahlar, o cümlədən hərbi təyyarə və raket kompleksləri aldılar. Sadəlövh adamların qabağında “lazım gələrsə, Yeravanı və Ermənistanın istənilən nöqtəsini vurarıq” deyib, boş-boş qürrələndilər. Axırda da məlum oldu ki, milyardaların müqabilində Bakıya sırınmış Rusiya istehsalı olan hava hücumu vasitələri daha heç nəyə yaramayacaq. Həmin hücum silahlarını heçə endirəcək hava hücumundan mühafizəni Rusiya özü Ermənistan üçün təmin edəcək.

Beləliklə, yeni Rusiya-Ermənistan sazişi bizim millət olaraq üç böyük təhlükə ilə üz-üzə olduğumuzu çılpaqlığı ilə ortaya qoydu. Birinci təhlükə yuxarıda təsvir etdiyim real hərbi təhlükədir. İkinci təhlükə müharibə vəziyyətində olan ölkəni dövlətin milli maraqlarını şəxsi kürsü maraqlarına qurban verən, məsuliyyətsiz və avantürist hakimiyyətin idarə etməsidir. Üçüncü təhlükə isə uzun sürən ədalətsizlik, hüquqsuzluq, repressiya və sosial məşəqqətin millətin müqavimət göstərmək, etiraz etmək, taleyinə sahib çıxmaq potensialını zəiflətməsidir. Bu üçüncü təhlükə – taleyimizə biganəlik təhlükələr içində ən qorxulusudur. Baxın, bu boyda hadisə baş verir və təəssüf ki, ölkə ictimaiyyətinin əksəriyyəti üçün bu baş verənlər nəinki cəmiyyəti səfərbər edəcək motiv, heç gündəmin əsas məsələsi də olmur. Çox təəssüf…

Şərh