Header ad

Əgər mən çıxıb getməsəm

Əgər mən çıxıb getməsəm,
Sənin darıxmağa heç kimin olmayacaq bir də.
Get-gedə getmək də istəməyəcəksən,
Getmək istədiyin şəhərdən.
Səni gözləyən də olmayacaq
Getmək istədiyin şəhərdə…
Əgər sən çıxıb getməsən
Bu yorğun adamların arasından bir gün.
Getmək istədiyin şəhərə oxşayacaqsan
Hər gün.
Axırına çıxacaq bax bu məqamlar:
Ömrün boyu barmaqla göstərib
“Getmək istəyən adam” çağıracaqlar səni.
Əllərindən çıxıb getmək istədiyin adamlar…
Əgər sən çıxıb getməsən
Bu adamların sonuna.
Hər gün zəng gələcək telefonuna:
– Gəl, gəl borcunu ödə.
– Borcu? Mən?
– Yox dədən. Əlbəttə sən.
Ata borcu! Ana borcu! Vətən borcu!
Və adına yazılan hər gələn borcu!..
Əgər sən çıxıb getməsən
İndi özündən
Həmişə axtaracaqsan özünü
Soruşacaqsan hərdən
Səni axtarmayan adamlardan.
Bütün getməyənlər özünü axtaracaq səndə
Qalmaq abidəsi qoyulacaq qaldığın yerdə.
Beləliklə, sən
Mənim kimi heç vaxt
Getmək istədiyim şəhərdən çıxıb
Getmək istədiyin şəhərə gedə bilməyəcəksən..

Raqif Raufoğlu

Şərh